RAMAZAN YAXINLAŞDI



      Müəllif: Abdullah ibn Sa`lih əl-Favzan

      Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Mübarək Ramazan ayı-sizə gəlmişdir. Bu ayda Allah təala orucu sizlərə vacib edib. Ramazanda, cənnətin qapıları açılar, cəhənnəmin qapıları isə bağlanar və şərrli şeytanlar zəncirlənər. Bu ayda Allahın bir gecəsi var ki, min aydan xeyirlidir. Kim bunun xeyrindən məhrum olarsa, o zaman o məhrum olunmuşdur (Bu hədisi Əhməd və Ən-Nəsa`i rəvayət edib. Bax Əhməd Şakirin Müsnəd əsərini təhqiqinə (n.7418) və Əl-Albani Səhih ət-Tərğib vət-Tərhib (1490), həmçinin Tama`mul-Mənnəh (395).)”.

      Hədis mübarək Ramazan ayının gəlişinin Allahın saleh qullarına olan xoş müjdəsidir. Peyğəmbər sallallahu aleyhi və səlləm öz səhabələrinə bu haqda məlumat vermiş və bu sadəcə məlumatların ötürülməsindən ibarət olmamışdır. Daha doğrusu, onun sallallahu aleyhi və səlləm niyyəti ilin ən əzəmətli vaxtı haqqında onlara (səhabələrinə) xoş müjdələri vermək idi. Bu xoş müjdədən məqsəd saleh əməlləri etməkdə yarışan, tələsən saleh qullara bu anı lazımi şəkildə qiymətləndirmələri üçün fürsət vermək idi. Bu belədir, çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə Allah təalanın Öz qulları üçün Onun bağışlanmasını və razılığını qazanmaq üçün yaratdığı səbəbləri açıqlayır. Bu səbəblər çoxdur. Ona görə də, Ramazan ayı müddətində kim bağışlanma fürsətini əldən buraxarsa, o zaman o insan ən böyük məhrumiyyətlə məhrum olmuşdur.

      Allah təalanın öz qullarına bəxş etdiyi böyük lütf və nemətlərindən biri də Ona itaət edən və saleh əməllər etmək üçün tələsən qulların yarışması üçün həmin günlərdən faydalanması məqsədilə Allah təalanın onlar üçün fəzilətli anlar hazırlamasıdır.

      Bu fəzilətli anlar bütün gücünü itaətə sərf etməklə, özünü islah etmək, tövbə ilə xəta və naqislikləri aradan qaldırmaq üçün ümidlərin həyata keçirilməsində verilmiş zaman fürsətidir.

      Bu fəzilətli günlərdə elə bir an yoxdur ki, Allah təala o gündə qulların Allaha yaxınlaşmaları üçün saleh əməllər təyin etmiş olmasın. Hədiyyələrin ən gözəli Allaha məxsusdur, Öz səxavəti və rəhməti ilə bunları istədiyi kəsə bəxş edir.

      Ona görə də, həqiqi səadətə nail olanlar bu aylarda əmr olunan saleh əməlləri etməklə bu fəzilətli aylardan, günlərdən və saatlardan faydalanan və onlar ilə Öz Qəyyumuna yaxınlaşan kəslərdir.

      Beləcə, ola bilsin ki, həmin günlərin bol bərəkəti onun üzərinə töküləcək və bununla ona kömək olunacaq, elə bir kömək ki, onu cəhənnəm odundan və onda olan alovlu istidən xilas edəcək (Bu sözlər İbn Rəcəbin Lətaaif-ul-Mə'aarif əsərindən-səh.8- əsərindən götürülmüşdür).

      Ramazana çatmağa nail olmaq özü-özlüyündə əzəmətli hədiyyədir. Bu hədiyyə ramazan ayına yetişənə, gecələri namaza durmaqla və gündüzlər oruc tutmaqla bu an səbəbi ilə ayağa qalxanlara bəxş edilir. Bu ayda qul asilikdən itaətə, qafillikdən onu zikr etməyə, özünü Ona uzaqlaşdırmaqdan səmimi bir tövbə ilə Ona tərəf dönür.

      Müsəlman bu neməti dərk etməli (şüurunda olmalı) və bu nemətin böyüklüyünü etiraf etməlidir. Çünki, doğurdan da bir çox insanlar orucdan məhrum olurlar, bunun səbəbi onların ölməsi ilə bu aya yetişə bilməmələri və yaxud oruc tutmaq iqtidarında olmamaları və ya buna qarşı çıxmaları və üz döndərmələridir. Beləcə, oruc tutan insan bu nemətə görə Rəbbinə həmd-səna etməli və bütün anlar içində itəat etmək üçün ilin ən əzəmətli vaxtının səfa gətirməsi ilə bu ayı sevinc və fərəh hissi ilə qarşılamalıdır. Qul saleh əməllər etmək üçün bu anlarda güclü səy göstərməlidir. Oruc tutmaq və gecə namazına durmağa nail olması üçün və həmin ayda Allah təalanın qula qətiyyət, ruh yüksəkliyi, mətanət və qüvvət bəxş etməsi üçün Ona dua etməlidir. Bu bərəkət dolu fəzilətli anlardan faydalanması üçün qul Rəbbindən onu qafillikdən oyatmasını diləməlidir.

      Bir çox insanların bu fəzilətli anların nə qədrini bilməmələri, nə də bu ayı müqəddəs hesab etməmələri halları ilə qarşılaşmaq təəssüf doğurucu haldır. Beləliklə Ramazan ayı onlar üçün artıq itaət, ibadət, Quran tilavəti, sədəqə vermək və Allahı zikr etmək üçün əzəmətli an olma əhəmiyyətini itirir. Daha doğrusu, bəzi insanlar üçün bu ay yemək və içkiləri növbənöv etmək, ramazan ayı daxil olmadan əvvəl cürbərcür yeməklər hazırlamaq üçün möhtəşəm ana çevrilir. Digər insanlar üçün Ramazan ayı gündüzləri yatmaqla, (gecələri yuxusuz keçirməklə) sadəcə yuxusuzluq ayı və davamlı təkrarlanan yığıncaqlardır. O dərəcəyə çatır ki, onların arasında bəzi insanlar yataraq fərz namazlarını ötürür, beləcə namazı camaatla qılmırlar və yaxud öz vaxtında əda etmirlər. Bəzi insanlar isə Ramazanı Axirət işlərində çalışmaq üçün deyil, dünyəvi işlərini yerinə yetirmək üçün fürsət görürlər. Beləcə, bu ayda qızğın işləyirlər, alıb-satırlar və bazar yerlərində dururlar, nəticə etibarilə məscidləri tərk edirlər. İnsanlar ilə namaz qılanda namazı çox tələsik tərzdə qılırlar. Çünki, onlar bazar yerlərində rahatlıq tapırlar, əylənirlər. Baxın fikir və düşüncələrdə (Ramazan ilə əlaqədar) dəyişmə nə dərəcəyə çatmışdır.

      Sələfdən bəziləri belə deyərdilər: “Həqiqətən də Uca Allah Ramazan ayını Öz qulları üçün yarış (rəqabət) etmişdir ki, onlar Allaha itaət etməklə Onun razılığını qazanmaq üçün bir-birilə yarışsınlar. Beləcə, bir dəstə önə (birinci yerə) keçir və nicat tapır, digər dəstə axıra qalır və məğlub olur (İbn Rəcəb Lətaaif-ul-Mə'aarif səh.246)”.

      Həmçinin, insan bilmir ki, ola bilsin bu ramazanı başa vurduqdan sonra bu onun həyatında son Ramazan olacaq. Nə qədər kişi, qadın və uşaq keçən il bizimlə oruc tutmuşdur və bununla belə, onlar indi yerin dərinliklərində basdırılıb və saleh əməllərinə möhtacdırlar. Onlar da gələcəkdə çox-çox Ramazanlarda oruc tutmağa ümid edirdilər. Eynilə, bizim hamımız həmçinin onların ardınca gedəcəyik. Ona görə də, müsəlmana vacibdir ki, itaət etmək üçün bu möhtəşəm məqama, ana görə fərəhlənsin. Bundan üz döndərməməli, lakin bunun əvəzinə qula faydalı olan şeylərlə və bu faydalı əməllərin təsirinin qalması üçün özünü onlarla məşğul etməlidir. Çünki bu (Ramazan orucu) yalnız sayılan günlərdən ibarətdir ki, ard-arda oruc tutulur və sürətlə sona çatır.

      Allahdan diləyim budur ki, bizləri və həmçinin sizləri saleh əməllərə nail olmaqda ən qabaqda gedən qulları arasında olanlardan etsin.

     

     
Copyright.SelefEqidesi.com, 2007