Bütün müsəlmanlar vahid və eyni Qurana tabe olduqları halda, nə üçün müsəlmanlar arasında bu qədər çox firqələr və müxtəlif fikir ayrılıqları var?

a) MÜSƏLMANLAR BİR ƏL, BİRLİK HALINDA OLMALIDIRLAR

Bu bir həqiqətdir ki, bu gün müsəlmanlar özləri arasında bölünmüşdürlər. Faciə budur ki, bu cür bölünmələr, parçalanmalar əsla İslam dini tərəfindən əmr olunmur və təsdiqlənmir. İslam etiqadı ardıcıllarını öz aralarında birliyə çağırır və buna doğru tərbiyə edir, həvəsləndirir.

Şanlı, şərəfli Qurani Kərimdə Allah təala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali İmran 3:103).

Yaxşı, bu ayədə zikr olunan “Allahın İpi” hansıdır? Əlbəttə ki, bu Şərəfli Qurani Kərimdir. Şərəfli Quran Allahın İpidir və bütün müsəlmanlar birlikdə ondan möhkəm tutmalıdırlar. Bu ayədə iki qat vurğulama var. Allah təala“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın” ayəsi ilə yanaşı, həmçinin “(firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” buyurur.

Daha sonra Qurani Kərimdə Allah Azzə və Cəllə buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”(Nisə 4:59).

Bütün müsəlmanlar Qurani Kərimə və səhih hədislərə tabe olmalı və öz aralarına parça-parça, firqə-firqə olmamalıdırlar.

b) İSLAMDA FİRQƏLƏR YARATMAQ VƏ BÖLÜNMƏLƏR QADAĞANDIR, HARAMDIR

Qurani Kərimdə Uca Allah təala buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (Əl-Ənam 6:159).

Bu ayədə Allah təala buyurur ki, müsəlman kəs dinlərini bölən, parçalayan və firqələrə bölünən kəslərdən özünü uzaq tutmalıdır.

Lakin hər hansı bir müsəlmana: “Sən kimsən?”-deyə sual verdikdə, ümumi cavab ya: “Mən sünniyəm” və yaxud “Mən şiəyəm” şəklində olur. Bəziləri özlərini Hənəfi və yaxud Şafi və ya Maaliki, Hənbəli adlandırır. Bəziləri “Mən Döbəndiyəm”, bəziləri isə “Mən Barelviyəm” deyirlər.

c) PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD SALLALLAHU ALEYHI VƏ SƏLLƏM MÜSƏLMAN İDİ


Bu cür (firqələrə ayrılan) müsəlmanlara belə bir sual veririk: “Sevimli peyğəmbərimiz sallallahu aleyhi və səlləm kim idi?”. Hənəfi idi, Şafi idi, Hənbəli idi yoxsa Maaliki?. Xeyr! Əlbəttə digər peyğəmbərlər və Allahın rəsulları kimi müsəlman idi.

Qurani Kərimin Ali İmran surəsi 52-ci ayəsində bildirilir ki, İsa əleyhissləlam müsəlman idi. Allah təala buyurur: “İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza (MÜSƏLMAN) şahid ol!” (Ali-İmran 3:52).

Bundan əlavə Ali İmran surəsi 67-ci ayədə bildirilir ki, İbrahim əleyhissəlam nə yəhudi, nə də nəsrani idi, lakin müsəlman idi. Allah təala buyurur: “İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) MÜSƏLMAN (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi” (Ali-İmran 3:67).

d) QURAN BİZLƏRƏ ÖZÜMÜZÜ MÜSƏLMAN ADLANDIRMAĞI, BU ADLA ÇAĞIRMAĞI ƏMR EDİR

e) Əgər kimsə müsəlmana sual versə ki, sən kimsən, o zaman o: “Mən müsəlmanam, nə Hənəfi, nə də Şafi deyiləm”-deyə cavab verməlidir. Fussilət surəsi 33-cü ayədə deyilir: “(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “MƏN MÜSƏLMANLARDANAM!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!" (Fussilət 41:33).

f) Peyğəmbər sallallahu aleyhi və səlləm qeyri-müsəlman padşah və hökmdarlara məktub yazaraq onları İslam dinini qəbul etməyə dəvət etmişdir. Bu məktublarda o sallallahu aleyhi və səlləm Qurani Kərimin Ali İmran surəsi 64-cü ayəsini xatırladırdı. Allah təala buyurur: “Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, MÜSƏLMANLARIQ (Allaha təslim olanlarıq)!” (Ali-İmran 3:64).

g) İSLAM DİNİNİN BÜTÜN DAHİ ALİMLƏRİNƏ HÖRMƏT ETMƏK


İmam Əbu Hənifə, İmam Şafi, İmam Hənbəl və İmam Malik o cümlədən İslamın bütün dahi alimlərinə (Allah onların hamısından razı olsun) hörmət etməliyik. Onlar dahi alimlər idilər və din yolunda göstərdikləri cəhdlərinə və ağır işlərinə görə Allah təala onları xeyirlə mükafatlandırsın. Bir insan İmam Əbu Hənifənin və yaxud İmam Şafinin (fiqhi məsələlərdə) rəy və görüşləri ilə razlaşırsa heç kəs ona etiraz etməməlidir. Lakin “Sən kimsən”-deyə belə bir sual verildiyində cavab “Mən müsəlmanam”-olmalıdır.

h) Bəziləri Əbu Davudun Sunən əsərində (N:4579) hədisi sitat gətirməklə mübahisə edə bilər. Bu hədisdə peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyurduğu rəvayət olunur: “Ümmətim yetmiş üç firqəyə bölünəcəkdir”.

Bu hədis bildirir ki, peyğəmbər sallallahu aleyhi və səlləm əvvəlcədən Allah təalanın ona bildirməsi ilə gələcəkdə yetmiş üç firqənin meydana gələcəyini bilirdi. Lakin o demədi ki, müsəlmanlar özləri arasında firqələrə bölünməkdə aktiv, fəal olmalıdırlar. Qurani Kərim bizlərə firqələrə bölünməməyi əmr edir. O kəslər ki, Qurani Kərim və səhih hədislərin təlimlərinə tabe olur və firqələrə bölünmür, o insanlar həqiqi, doğru yoldadırlar.

Tirmizi (Hədis N:171) rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:“Ümmətim yetmiş üç firqəyə bölünəcəkdir və onların hamısı cəhənnəmdədir, biri istisna olmaqla”. Səhabələr həmin dəstənin hansı olduğunu soruşdular. Buna cavab olaraq o sallallahu aleyhi və səlləm dedi: “Onlar ki, mənim və səhabələrimin yolundadırlar”.

Şanlı Quran bir neçə ayələrdə buyurur: “Allaha və Onun Rəsuluna itaət edin”. Həqiqi müsəlman yalnız Şanlı Quran və Səhih Hədislərə tabe olmalıdır. Alimin sözü Qurani Kərim və Səhih Hədislərə müvafiqdirsə, o zaman o alimin rəyi, görüşləri ilə razılaşa bilər. Lakin bu cür rəy və görüşlər Allahın Kəlamına və yaxud Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnəsinə müxalifdirsə, o zaman onların heç bir əhəmiyyəti, çəkisi yoxdur. Fərqi yoxdur alim nə qədər elmli olsa da!

Əgər müsəlmanlar Qurani Kərimi anlayaraq, dərk edərək, düşünərək oxusa və səhih hədislərdən möhkəm tutsalar, inşallah bu cür ixtilafların əksəriyyəti həll olunacaq və bizlər bir ümmət, müsəlman ümməti olacağıq.


QEYD: Bu günlərdə müsəlmanlar arasında firqələrə bölünməyin əsas səbəblərindən biri də, islam dinini düzgün mənbələrdən öxumamaq və əsassız dəlillərə istinad etməkdən qaynaqlanır. Hədis yazılır, lakin hədisin hansı kitabda, kim tərəfindən rəvayət etdiyi, udyurma və yaxud zəif olduğu araşdırılmır. Beləliklə kor-koranə təqlid olunur.Allah təala buyurur: “(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq”(Yusuf 12: 108). Hələ, hədisin peyğəmbərə gedib çıxmasından danışmırıq!!! Hədis elmi çox böyük elmdir. Bir hədisin peyğəmbərə necə gedib çıxması, hədisi rəvayət edənlərin bioqrafiyası, şəxsiyyəti haqqında, hədisin səhih (doğru) olduğunu təsdiqləmək barəsində alimlər tərəfindən kitablar yazılmışdır. Hədis elmində “isnad (sənəd)” islam düşmənlərinin hədislərə hücum etməsinin qarşısını alan ən böyük amillərdəndir. Əks halda, hər kəs ağzına gələni danışaraq bunu Peyğəmbərimizə isnad edərdi. Allah hədis alimlərimizə , o cümlədən bütün alimlərimizə, rəhmət etsin. Sələfdən biri Sufyan əs-Sevri buyurur: Mələklər səmanın qoruyucuları, hədis əhli isə yerin qoruyucularıdır”.
ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Copyright.SelefEqidesi.com, 2007