![]() |
![]() |
|
|
Sünnə alimlərinin "İxvanul muslimin" camaatı barədə söylədikləri Abdulaziz ibn Baz (Allah ona rəhmət etsin!) Muhəmməd Nasirəddin əl-Əlbani (Allah ona rəhmət etsin!) Muhəmməd ibn Useymin (Allah ona rəhmət etsin!) Salih ibn Fəuzan əl-Fəuzan (Allah onu qorusun!) Salih əl-Liheydan (Allah onu qorusun!) Abdullah ibn Ğudeyyan (Allah onu qorusun!) Abdulmuhsin əl-Abbad (Allah onu qorusun!) Salih ibn Abdulaziz Alişşeyx (Allah onu qorusun!) Sünnə alimlərinin "İxvanul muslimin" camaatı barədə söylədikləri Həmd olsun Allaha! Peyğəmbərə, onun ailəsinə, səhabələrinə və onun doğru yolu ilə gedənlərə salavat və salam olsun! Möhtərəm şeyx, sələf alimi Abdulaziz ibn Bazın (Allah ona rəhmət etsin!) fətvası. Sual: Peyğəmbər səllallahu aleyhi və səlləm ümmətin firqə-firqə olacağı barədə belə demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa..." Məgər şirk və bidətlər edən təbliğ camaatı və firqə-firqə olub əmr sahiblərinə qarşı asilik edən ixvanul muslimin camaatı həlak olan firqələrdəndirmi? Cavab: Bəli, onlar yetmiş iki firqəyə daxildir. Əhli Sünnə və əl-Cəmaənin əqidəsinə müxalif olan hər kəs yetmiş iki firqəyə daxildir. Hədisdə "ümmətim" deyildikdə, itaətkar ümmət qəsd edilir. O kəslər ki, Allahın əmrlərinə boyun əyir və Ona tabeçilik göstərirlər. Nicat tapmış nöqsansız firqə isə Allaha tabeçilik göstərib Onun dini üzərində sabit olan firqədir. O ki qaldı yetmiş iki firqəyə, onlardan kafir olanı da, asi olanı da, bidət əhli olanı da var. Sual: Yəni bu iki firqə yetmiş iki firqəyə daxildir? Cavab: Bəli, daxildir. (Bu fətva şeyxin vəfatından iki il öncə Taifdə verdiyi mühazirənin lent yazısındandır.) Sual: İllərdən bəri ixvanul muslimin hərəkatı bu məmləkətə daxil olmuş və tələbələr arasında yayılmışdır. Bu hərəkatla bağlı nə deyə bilərsiniz? Onlarla əhli Sünnə vəl-Cəmaə arasında nə fərq var? Cavab: Elm əhlinin səciyyəvi xüsusiyyətləri ixvanul muslimin hərəkatını tənqid edir. Çünki onlar Allahın vəhdaniyyətinə, şirk və bidətləri inkar etməyə çağırışda fəaliyyət göstərmirlər. Onların özünə məxsus üslubları vardır ki, bu da dəvəti zəiflədir, əhli Sünnə vəl-Cəmaənin mötəbər əqidəsinə yönəltməkdən çəkindirir. Yaxşı olar ki, ixvanul muslimin camaatı Allahın vəhdaniyyətinə dəvət etməklə, qəbrlərə ibadət etməyi, ölülərə ümid bəsləməyi, Hüseyn, Həsən, Bədəvi və qəbirlərdə olan başqa bu kimi şəxsiyyətlərdən kömək diləməyi və buna bənzər şeyləri inkar etməklə sələf dəvətini yaysınlar. Bu əqidəyə qayğı göstərmək onlara vacibdir. Onlar dinin əsası sayılan Lə ilahə illəllah kəlməsinə dəvət etməlidirlər. Peyğəmbər səllallahu aleyhi və səlləm də Məkkədə ilk əvvəl Allahın vəhdaniyyətinə, Lə ilahə illəllah kəlməsinə dəvət etmişdir. Odur ki, alimlərin əksəriyyəti ixvanul muslimin camaatını Allahın vəhdaniyyətinə lazımınca dəvət etmədiklərinə, böyük şirk sayilan - ölülərə ümid bağlamaq, onlardan kömək diləmək, onlar üçün nəzir vermək və qurban kəsmək kimi cahillərin qondardığı yenilikləri inkar etmədiklərinə görə tənqid etmişlər. Həmçinin onlar Sünnəyə - Peyğəmbərin səllallahu aleyhi və səlləm ardıcılları olmadıqlarına, hədislərə diqqət yetirmədiklərinə və sələf kimi şəriət hökmlərinə riayət etmədiklərinə görə tənqid olunmuşlar. İxvanlardan eşitdiyim bir çox başqa məsələlər də var ki, buna görə tənqid olunurlar. (Bu fətva 806 nömrəli əl-Məcəllə jurnalından götürülüb.) Mühəddis, sələf alimi, şeyx Muhəmməd Nasirəddin əl-Əlbaninin (Allah ona rəhmət etsin!) fətvası. O demişdir: "İxvanul muslimin əhli Sünnədəndir demək düzgün deyil. Çünki onlar Sünnəyə qarşı çıxırlar." (Təbliğ camaatı və ixvanlar barədə mühazirənin lent yazısındandır. Ər-Riyad, Minhacus-Sunnə səsyazma studiyası.) Sələf alimi, şeyx Muhəmməd ibn Useyminin (Allah ona rəhmət etsin!) fətvası. Sual: Allahın Kitabında və Peyğəmbərinin səllallahu aleyhi və səlləm Sünnəsində camaatlara bölünməyin caiz olması barədə dəlil-sübut varmı? Cavab: Nə Kitabda, nə də Sünnədə camaatlara bölünməyin caiz olması barədə dəlil-sübut vardır. Əksinə, Kitab və Sünnədə bunu tənqid edən ayələr vardır. Uca Allah buyurur: "Həqiqətən, o kəslər ki, öz dinini parçalayıb firqə-firqə olublar, sənin onlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra [Allah] onlara nə etdiklərini xəbər verəcəkdir." "Hər dəstə özündə olanla (tutduğu məzhəblə) fərəhlənir." "Bu, vahid bir din olaraq sizin dininizdir. Mən isə sizin Rəbbinizəm. Elə isə Məndən qorxun." Sual: Onların bəziləri deyir: "Dəvət yalnız hər hansı bir dəstənin nəzarəti altında güclənə bilər." Cavab: Bu, doğru deyil. Əksinə, insan Kitab və Sünnəyə riayət etdikcə, Peyğəmbərin səllallahu aleyhi və səlləm və raşidi xəlifələrin yolunu tutduqca dəvət daha da güclənir. (Şeyx Rabi əl-Mədxəlinin (Allah onu qorusun!) "Camaatlar deyil vahid camaat olmaq lazımdır" kitabından.) Hörmətli alim, şeyx Salih ibn Fəuzan əl-Fəuzanın (Allah onu qorusun!) fətvası. Sual: Bu camaatlar yetmiş iki həlak olan firqəyə daxildirmi? Cavab: Bəli! Müsəlman olub dəvətdə, yaxud əqidədə, yaxud da imanın əsaslarinda əhli Sünnə və əl-Cəmaəyə müxalif olan hər kəc yetmiş iki firqəyə daxil olur və bu təhdid ona şamil edilir. Habelə o, müxalif olduğu qədər məzəmmət edilir və cəzalandırılır. Sual: Müsəlman ölkələrində təbliğ camaatı, ixvanul muslimin və hizbut-təhrir kimi firqələrin mövcud olmasının hökmü nədir? Cavab: Bu camaatlar gəlmədir. Biz onları qəbul etməməliyik. Çünki onlar bizi azdırmaq, parçalamaq fikrindədirlər. Onlar istəyirlər ki, bir qismini təbliğçi, bir qismini ixvan və s. etsinlər.... Bu təfriqə nəyə lazımdır? Bu, Uca Allahın nemətlərinə küfr etməkdir. Biz isə dinimizdə açıq-aydın dəlillərə söykənən vahid bir camaatıq. Biz nə üçün xeyirli olan şeylərin daha aşağı olan şeylərlə əvəz olunmasını istəməliyik? Axı nə üçün biz Uca Allahın bizə etdiyi lütfdən - camaat olmaqdan, bir-birimizə olan məhəbbətdən və doğru yoldan üz çevirməli, bizi parçalayan, birliyimizi dağıdan və aramıza ədavət salan camaatlara qoşulmalıyıq? Bunu heç vaxt etmək olmaz. (Cəmaləddin Fəriyhan əl-Harsinin "Yeni mənhəclər barədə olan suallara faydalı cavablar" kitabından.) Hörmətli alim, şeyx Salih əl-Liheydanın (Allah onu qorusun!) fətvası. O demişdir: "İxvanlar və təbliğ camaatı doğru mənhəcdə olanlardan deyillər. Bu ümmətin sələfində belə camaatlar və adlar olmayıb. Əli ibn Əbu Talibi (Allah ondan razı olsun!) ilah sayanlar və xavariclər ilk meydana gəlmiş firqələrdir." (Camaatlar və onların Səudiyyə dövlətinə təsiri barəsində alimlərin fətvalarınin lent yazısındandır. Ər-Riyad, Minhacus-Sunnə səsyazma studiyası.) Hörmətli alim, şeyx Abdullah ibn Ğudeyyanın (Allah onu qorusun!) fətvası. O demişdir: "Bu diyar camaat nə olduğunu bilmirdi. Lakin xaricdən bizə bir çox camaatlar gəldi və öz ölkələrində olanları burada yaydılar. Burada ixvanul muslimin camaatı, təbliğ camaatı və digər camaatlar mövcuddur. Hər kəs özünə bir camaat yaradır və istəyir ki, insanlar bu camaata tabe olsunlar. O, digər camaatlara qoşulmağı qadağan edir, buna mane olur və öz camaatının haqq üzərində olduğunu, diərilərinin isə azğınlığa düşdüyünü etiqad edirlər. Elə isə dünyada nə qədər haqq ola bilər?! Əlbəttə, sizə söylədiyim kimi haqq birdir. Peyğəmbər səllallahu aleyhi və səlləm ümmətin firqə-firqə olacağı barədə bəyan edib demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa. (Səhabələr) dedilər: "Ey Allahın elşisi! O hansı firqədir?" O dedi: "O kəslər ki, bu gün mənim və səhabələrimin olduğu yolda olsunlar." Hər bir camaat özünə qayda-qanun qoyur və başçı seçir. Bu camaatlar beyət edir və hakimiyyətə can atırlar. Onlar insanları firqələrə bölürlər və görürsən ki, onların özləri də firqələrə bölünür və bir firqə də digərinə ədavət bəsləyir. Məgər bu, dindəndir? Xeyr, bu, dindən deyil. Çünki din də vahiddir, haqq da, ümmət də. Uca Allah buyurur: "Siz insanlar üçün çıxarılmış ən yaxşı ümmətsiniz." Baxın, Allah "ümmətlərsiniz" və ya "camaatlarsınız" demir. Doğrusu, bu camaatlar məmləkətimizə gəlmiş, çox pis hərəkətlər etmiş və camaatımızı xüsusəndə cavanları korlamışlar. Onların yaşlı nəsil ilə işləri yoxdur. Onlar əsasən orta və ali məktəblərdə oxuyan tələbələri öz camaatlarına cəlb etməyə çalışırlar. Biz bu məktəblərdə, hətta qadın məktəblərində də təbliğ camaatının və ixvanların necə dəvət etdiyini görürük. Elə isə insan nə üçün Peyğəmbərin səllallahu aleyhi və səlləm yolunda olmasın? (Camaatlar və onların Səudiyyə dövlətinə təsiri barəsində alimlərin fətvalarınin lent yazısındandır. Ər-Riyad, Minhacus-Sunnə səsyazma studiyası.) Hörmətli alim, şeyx Abdulmuhsin əl-Abbad (Allah onu qorusun!) fətvası. O, təbliğ camaayı və ixvanul muslimin barəsində soruşulduqda belə demişdir: "Bu, yeni firqələr on dördüncü əsrdə meydana gəlmiş firqələrdir. Bundan öncə belə firqələr yox idi. Amma sabit mənhəc və doğru yol Muhəmmədə səllallahu aleyhi və səlləm Peyğəmbərlik veriləndən indiyə qədər mövcuddur. Peyğəmbər səllallahu aleyhi və səlləm, onun səhabələri və onların ardıcılları doğru yol üzərində olmuşlar. Onlardır əmin-amanlıqda olanlar, nicat tapanlar. Asi olanlar isə haqq yoldan azanlardır. Əlbəttə, bu firqələrin, bu camaatların həm yaxşı əməlləri, həm də xətaları vardır. Lakin xətaları böyükdür. Odur ki, sələfin yolunda olan əhli Sünnə vəl-Cəmaəni onlardan çəkindirmək gərəkdir. O camaat ki, Quran və Sünnəyə etimad edir və heç bir şəxsiyyətə pəristiş etmir, sonradan meydana gəlmiş təriqətlərə və mənhəclərə uymurlar. Belə ki, bu firqələr dində uydurulmuş yeniliklərdir. Onlar əsasən Quran və Sünnəyə deyil, sonradan meydana gəlmiş fikirlərə uyur, ona etimad edir və əqidələrini bunun üzərində qururlar. Onlar üçün dost və düşmən Allah xatirinə olmur, əksinə, onları dəstəkləyən dost, müxalif olan isə düşmən olur. Onları dəstəkləyən şəxs ən pis adam olsa da belə, onlar üçün qardaş sayılır. Odur ki, ağına-qarasına baxmadan özlərinə dost seçir, hətta səhabələrə nifrət bəsləyən rafiziləri belə qardaş hesab edirlər." (Camaatlar və onların Səudiyyə dövlətinə təsiri barəsində alimlərin fətvalarınin lent yazısındandır. Ər-Riyad, Minhacus-Sunnə səsyazma studiyası.) Hörmətli alim, şeyx Salih ibn Abdulaziz Alişşeyx (Allah onu qorusun!) fətvası. O demişdir: "İxvanul muslimin camaatının əsas əlamətləri - məxfi işlər görmək, həqiqəti gizlətmək, ayrı-ayrı fikirlərə düşmək və özlərinə sərf edən işlərə girişməkdir. Onlardan bəziləri uzun müddət alimlərin yanında dərs alır, həqiqi etiqadını gizlədir, sonra da onların adından istifadə edir. Həmçinin onların əlamətlərindəndir ki, öz əqidələrinə zidd olan sözləri dinləməyi ardıcıllarına qadağan edirlər. Onların bu qadağaları müxtəlifdir. Məsələn, cavanlar haqqı eşitməsinlər deyə onları işlə yayındırmaq, yaxud batil əqidələrinə bələd olan, onları yaxşı tanıyan kəsləri yalançı adlandırmaqla, böhtan atmaqla onları pisləməkdir. Onların bu əməlləri bir növ müşriklərin əməllərinə bənzəyir. Bütün bunlar ona görədir ki, cavanlar doğru yola gəlməsinlər. İxvanları digərilərindən fərqləndirən cəhətlərdən biri də budur ki, onlar Sünnəyə ehtiram göstərmir, Sünnəyə tabe olanları sevmirlər. Görürsən ki, əvvəl-əvvəl hədis kitabları oxuyurlar, şeyxlərin dərslərində iştirak edirlər. Sonra isə havadarları onlara belə deyir: "Bu sənə fayda verməyəcək. Bu hədislər sənə nə fayda verə bilər ki? Sən bir bu alimlərin halına bax. Məgər onlar müsəlmanlara fayda veriblər? Gör müsəlmanlar nə gündədirlər." Bu onların Sünnəyə olan münasibətidir. Gör indi əqidələri nə vəziyyətdədir. Onların fərqli cəhətlərindən biri də budur ki, onlar hakimiyyətə can atırlar. İxvanlar özlərindən çeçilmiş şəxsləri qabağa çəkməyə çalışır, digərilərini isə kənarlaşdırırlar. Onlar firqə xatirinə sevir, yaxud nifrət edir və deyirlər: "Filankəs ixvan deyil. Filankəs bizdən deyil." Bu xüsusda isə Əbu Musa əl-Əşarinin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Hər kim (başqasını) cahiliyyə dövründəki kimi çağırsa, əlbəttə, o, Cəhənnəm camaatından olacaq." Səhabələr dedi: "Namaz qılıb oruc tutsa da belə?" O dedi: "Namaz qılıb oruc tutsa da belə. Odur ki, Allahın çağırdığı kimi, Rəbbinizin sizi müsəlman, mömin, Allahın qulları adlandırdığı kimi (siz də bir-birinizi) çağırın!" Başqa bir hədisdə rəvayət olunur ki, iki kişi - biri mühacir olduğu ilə, digəri isə ənsar olduğu ilə - fəxr edirmiş. Peyğəmbər səllallahu aleyhi və səlləm də onlara belə demişdir: "Mən sizin aranızda ola-ola siz cahiliyyə dövründəki kimi fəxr edirsiniz?" Hərçənd mühacir və ənsar adları şəriətdə varid olmuşdur, lakin bu adlardan fəxr etmək üçün istifadə edildikdə, ədavətə meyl edildikdə, artıq bu, cahiliyyə dövrünə aid edilmişdir. Beləcə ixvanların cahiliyyə dövrünə aid bir çox xüsusiyyətləri vardır. Odur ki, cavanlar bu məsələyə diqqət yetirməli, əhli Sünnə vəl-Cəmaənin yoluna, sələfis-salihin mənhəcinə yönəlməlidirlər. Uca Allah belə buyurur: "Hikmətlə və gözəl öyüd-nəsihət ilə [insanları] Rəbbinin yoluna dəvət et. Onlarla ən gözəl şəkildə mübahisə et." İxvanların fərqli cəhətlərindən biri də budur ki, onlar hakimiyyətə gəlmək istəyirlər. O ki qaldı insanların Allahın əzabından – qəbr və Cəhənnəm əzabından xilas olması, onları Allahın rəhmətinə qovuşdurması, Cənnətə düşməsi barədə isə çox az düşünürlər. Odur ki, onlar insanları bir yerə cəm edə biləcək məsələlər barəsində hakimlərin və camaatın günahları, xətaları barədə danışır, təfriqə salırlar. Şübhəsiz ki, bu, pis bir əməldir. Peyğəmbər səllallahu aleyhi və səlləm qəbrdə veriləcək sualları bəyan etmişdir. Hər kəsə orada "Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir?" deyə sorğu-sual olunacaqdır. İxvanlarla uzun müddət dostluq edən kəs qəbr əzabından xilas olmağın yolunu bilmirsə, o şəxs xeyr qazana bilərmi? İxvanlar müsəlmanları sevmiş olsaydılar, Allahın əzabından qorunmağı onlara nəsihət edərdilər, Allahın vəhdaniyyətini onlara başa salardılar...." (Camaatlar və onların Səudiyyə dövlətinə təsiri barəsində alimlərin fətvalarınin lent yazısındandır. Ər-Riyad, Minhacus-Sunnə səsyazma studiyası.) Tərcümə: Əlixan Musayev, Mübariz Qarayev |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |