Allah təala: "Oruc Mənim üçündür və onun mükafatını Mən verəcəm" buyurmaqla nə üçün orucu xüsusiləşdirmişdir?



      Sual: Allah sübhənahu və təala nə üçün orucun savabını (mükafatını) xüsusiləşdirmişdir.

      Cavab: Həmd Allaha məxsusdur.

      Əbu Hureyra rəvayət edir ki, radiyallahu anhu Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: "Allah buyurur: "Adəm övladının hər bir əməli onun üçündür, yalnız orucdan başqa. O (oruc) Mənim üçündür və onun mükafatını Mən verəcəm...". Əl-Buxari (1761) və Muslim (1946).

      Ümumiyyətlə bütün əməllər Allah rzası üçün olduğundan və onlara görə mükafatı Allah təala verdiyindən, alimlər Allah təalanınn "Oruc Mənim üçündür və onun mükafatını Mən verəcəm" ifadəsi haqqında ixtilaf etmişdirlər. Allah təala nə üçün orucu bu cür xüsusiləşdirmişdir?

      Əl-Ha`fiz ibn Həcər rahiməhullah bu hədisin mənasının bəyan edilməsi və orucun bu cür fəzilətlə xüsusiləşdirilməsinin səbəbi haqqında elm əhlinin on rəyini zikr etmişdir. Bu rəylərin ən əhəmiyyətlisi aşağıdakılardır:

      1. Digər ibadətlərdən fərqli olaraq oruca riya (göstəriş) qarışmır (baş vermir). Əl-Qurtubi demişdir: Riya bütün əməllərə qarışa bilər, lakin insan oruc tutanda onu Allahdan başqa heç kəs görmür, ona görə də Allah orucu özünə izafə (nisbət) etmişdir. Ona görə də hədisdə buyurur:"O Mənim rızam üçün şəhvətini tərk edir". İbn Əl-Cəvzi demişdir: "Orucdan fərqli olaraq bütün ibadətlər icra edildiyi zaman görünə bilər və müəyyən səviyyədə riyanın daxil olması ilə korlana bilər ".

      2. "Onun mükafatını Mən verəcəm" ifadəsindən qəsd olunan: "Onun savabının miqdarını və saleh əməllərinin (həsənətlərin) neçə qat artırılacağını bilən yalnız Mənəm. Əl-Qurtubi demişdir: "Bunun mənası odur ki, saleh əməllərin savabının miqdarı insanlara məlum ola bilər və bu savablar on ilə yeddi yüz qat arasında Allahın istədiyi qədər çoxalır. Oruc istisnadır. Çünki Allah onu saysız-hesabsız mükafatlandıracaqdır. Muslimdə Əbu Hureyradan radiyallahu anhu rəvayət olunan hədis də bu fikri dəstəkləyir. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: "Adəm övladının hər bir əməlinə on qatdan yeddi yüz qata qədər savab verilir. Allah azzə və cəllə deyir: "Oruc bundan istisnadır, çünki o Mənim üçündür və onun mükafatını Mən verəcəm"-yəni, miqdarını təyin etmədən Allah təala onun mükafatını çoxlu artıracaqdır. Bu Allah təalanın aşağıda buyurduğu ayəyə bənzəyir: "Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!" (Zümər, 10).

      3. "Oruc Mənim üçündür" kəliməsindən qəsd olunan budur: Bu ibadət Mənə (Allah təalaya) ən sevimli və Mənim dərgahımda öndədir. İbn Abdu`l Bərr demişdir: "Oruc Mənim üçündür" kəliməsi orucun digər bütün ibadətlərdən üstün olmasına dəlalət etmək üçün kifayətdir.

      Əl-Nəsa`i (2220) rəvayət edir ki, Əbu Uməməh dedi: Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: "Sənə oruc tutmağı tövsiyə edirəm, çünki onun misli yoxdur". Şeyx Albani rahiməhullah Sahi`h əl-Nəsa`idə hədisin səhih dərəcəsində olduğnu demişdir.

      4. Orucun Allaha izafə (nisbət) olunması onu şərəfləndirmək və əzəmətləndirməkdir. Necə ki: "Allahın Evi" deyilir. Baxmayaraq ki, bütün evlər Allaha məxsusdur. Əl-Zeyn ibn əl-Munir demişdir: Bu misalda olduğu kimi, mövzu baxımından ümumi olan bir şeyi xüsusiləşdirməkdən başa düşülən yalnız onu əzəmətləndirmək və şərəfləndirmək üçündür".

      Şeyx ibn Useymi`n rahiməhullah demişdir:

      Bu uca hədis bir neçə baxımdan orucun fəzilətinə dəlalət edir:

      Allah digər əməllərin içində orucu Özü üçün xüsusiləşdirdi, çünki orucun Allah yanında yüksək mərtəbəsi (şərəfi) var, Allah orucu sevir və çünki oruc tutmaq Allaha qarşı ixlaslı, səmimi olmağın təzahürüdür. Belə ki, oruc insan ilə Rəbbi arasında olan sirrdir, Allahdan başqa heç kəs onu görmür. Oruc tutan heç bir insanın olmadığı bir yerdə ola bilər, Allah təalanın oruc tutana haram etdiyi yeməyi yeyə və yaxud içə bilərdi. Lakin o bunu etmir, çünki bilir ki, onun tək olmasına baxmayaraq onu görən Rəbbi var və Allah belə etməyi ona haram etmişdir. Beləcə oruc tutan kəs (yemək yeməyi, içməyi) Onun cəzasından qorxaraq və mükafatını umaraq o əməli tərk edir. Bunun səbəbindən dolayı, Allah onun səmimiyyətini qiymətləndirmişdir və digər əməllər içində orucu Özü üçün xüsusiləşdirmişdir. Belə ki, Allah təala buyurur: "O öz şəhvətini və yeməyini Mənim rızam üçün tərk edir".

      Bu əməli xüsusiləşdirmənin faydası Qiyamət Günü görünəcəkdir. Necə ki, Sufyan ibn Uyeynə demişdir: Allah qiyamət günü qulunu hesaba çəkdiyi zaman onun digər əməllərindən olan haqsız davranışları əleyhinə icra edər, hətta orucdan başqa heç bir şey qalmaz. Allah onun üzərində olan haqqsız davranışlara qarşı səbr edər və onu(tutduğu) oruca görə cənnətə salar.

      5. Allah oruc barəsində buyurur: "Onun mükafatını Mən verəcəm". Göründüyü kimi oruc tutmağa görə mükafatı Allah təala özünə nisbət (izafə) etmişdir, çünki saleh əməllərin əcri say ilə artır və həsənətlər (savablar) isə on ilə yeddi yüz arasında bol-bol artır. Oruca gəldikdə isə, Allah sayını bildirmədən mükafatını Özünə nisbət etmişdir. Allah kərim (səxavətli) olanların ən Kərimlisidir. Hədiyyə onu bəxş edənin səxavətli olmasına dəlalət edir. Ona görə də oruc tutan kəsin əcri çox əzəmətli, saysız-hesabsız olacaqdır. Oruc Allaha itaətdə səbrdir, Allahın qadağan etdiklərindən çəkinməkdə səbrdir və Allahın qədərinə, aclığa, susuzluğa dözməkdə, nəfsin və bədənin zəifliyinə dözməkdə səbrdir. Beləcə burada səbrin üç növü cəm olunmuşdur, ona görə də oruc tutan kəs səbirli olanlardan hesab edilməyə layiqdir. Allah təala buyurur: "Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!" (Zumər, 10).

      Məcə`lis Şəhr Ramada`n, səh. 13

     
Copyright.SelefEqidesi.com, 2007