|
ETİKAFIN ƏSAS HƏDƏFİ MÜSƏLMANLAR BU SÜNNƏTİ NƏ ÜÇÜN TƏRK EDİBLƏR?
 
Sual: Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sünnəsi olmaqla yanaşı, müsəlmanlar nə üçün etikafı tərk ediblər? Etikafın hədəfi nədir?
 
Cavab:
Birincisi:
 
Etikaf Peyğəmbərin sallallahu aleyhi və səlləm müəkkəd (təkid olunan) sünnətlərindəndir. Rəsulullah sallallahu aleyhi və səlləm müntəzəm şəkildə bunu etmişdir.
 
Bu sünnət Rəbbimizin rəhm etdikləri istisna olmaqla, müsəlmanların həyatlarından yoxa çıxmışdır. Digər sünnətlər kimi Müsəlmanlar bu sünnəti öldürmüş və yaxud də demək olar ki, yox olma dərəcəsinə çatdırmışdırlar.
 
Bunu tərk etməyin səbəbləri vardır. Bu səbəblərə:
 
1. Qəlblərin çoxunun iman cəhətdən zəifliyi
 
2. Dünyəvi ləzzətlər və şəhvətlərə qarşı diqqətin artması, nəticə etibarilə ləzzətlərdən qısa müddət belə kənarlaşmaqda iqtidarsız, bacarıqsız hala düşmələri.
 
3. Bir çox müsəlmanların Cənnətə marağının olmaması və boş vaxt, əylənməyə, rahatlığa meyl etmələri. Hətta Allahın razılığını qazanmaq xatirinə olsa belə, etikafın məşəqqətinə tab gətirmək istəməmələri.
 
Hər kim Cənnətin əzəmətli əhəmiyyətini və onun sevincini, həzzini bilir, başa düşürsə, öz həyatını bu yolda qurban edəcəkdir ki, ən dəyərli olana nail olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Bilin və agah olun ki, Allahın mükafatı yüksəkdir, bilin ki, Allahın mükafatı cənnətdir". Tirmizi rəvayət etmişdir və Şeyx Alba`ni (2450) rahiməhullah, hədisə səhih demişdir.
 
4. Bir çox insanların Peyğəmbərin sallallahu aleyhi və səlləm əmrlərinə əməl etmədən sözdə ona qarşı sevgilərinin olmasını iddia etmələri və sünnətin müxtəlif yönlərini, o cümlədən etikafı icra etməmələri. Allah təala buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab, 21).
İbn Kəsir (3/756) rahiməhullah demişdir:
 
Bu mübarək ayə Rəsulullahı sallallahu aleyhi və səlləm söz, əməllərimizdə və bütün hal və əhvallarımızda özümüzə nümunə götürməkdə dinin böyük əsaslarından biridir
 
Sələfdən bəziləri Peyğəmbərin sallallahu aleyhi və səlləm etikafı davamlı şəkildə etməsi ilə yanaşı, insanların etikafı tərk etmələrini təəccüblə qarşılamışdır.
 
İbn Şiha`b əl-Zuhri demişdir: Müsəlmanların işi təəccüb doğurandır, etikafı tərk etmişdirlər. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə daxil olandan Allah onun ruhunu alana qədər bunu tərk etməmişdir.
 
İkincisi:
 
Ömrünün sonunda Peyğəmbərin sallallahu aleyhi və səlləm mütəmadi olaraq yerinə yetirdiyi etikaf Ramazanın son on günündə etdiyi etikafdır. Bu bir neçə gün, həqiqətən də davamlı cərəyan edən mənəvi tərbiyə hesab edilə bilər. Belə ki, etikaf Ramazan gecələri və gündüzləri, gələcək (qarşıdan gələn) günlərdə, növbəti Ramazanın gəlişinə kimi insanın həyatında dərhal müsbət nəticələr hasil edir.
 
Müsəlmanın bu sünnəti canlandırmasına və bunu düzgün qaydada həyata keçirməsinə olan ehtiyacları necə də böyükdür. Necə ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm və onun səhabələri bunu edərdilər.
 
Ümmətin bu sünnətə etinasız yanaşdığı, qafil qaldıqları və fəsada uğradıqları bir zamanda Sünnətə sarılanların, ondan möhkəm tutanların qələbəsi, müvəffəqiyyəti, nicatı necə də böyük olacaqdır.
 
Üçüncüsü:
 
Peyğəmbərin sallallahu aleyhi və səlləm etikafından əsas hədəfi Leylət əl-Qadrı (Qədr Gecəsini ) axtarmaq idi.
 
Əbu Səid əl-Xudri radiyallahu anhu rəvayət edir ki: "Allahın Rəsulu sallallahu aleyhi və səlləm Ramazanın ilk on günlərində etikaf etdi, sonra ortadakı on günlərdə bir Türk çadırında etikaf etdi. Çadırın qapısının yerində bir həsir var idi. O sallallahu aleyhi və səlləm həsiri əlinə aldı və çadırın bir tərəfinə qoydu. Sonra başını bayıra çıxardı. Məsciddə olan camaata xitab etdi. Camaat ona yaxınlaşdı. O da sallallahu aleyhi və səlləm onlara müraciət edərək: "Mən bu (Qədr Gecəsini) gecəni axtarmaq üçün ilk on gündə etikaf etmişdim. Sonra ortadakı on gündə etikafa davam etdim. Sonra bir nəfər (mələk mənim yanıma) gəldi və "Qədr gecəsi son on gündədir" dedi. Mənimlə bərabər etikafda olanlar istəyirlərsə son on gündə də etikaf etsinlər". Camaat da Rəsulullah sallallahu aleyhi və səlləm ilə bərabər etikaf etdilər. Rəsulullah sallallahu aleyhi və səlləm dedi: "Mənə Qədir Gecəsi tək gecələrdə göstərildi..." (Muslim, Siyam, 215).
 
Bu hədisdən bir çox faydalar əldə edirik:
 
1. Peyğəmbərin sallallahu aleyhi və səlləm etikafından əsas məqsədinin qədr gecəsini axtarmaq olması və həmin gecəni ibadətlə həyata keçirməyə hazırlaşması. Səbəbi həmin gecənin fəzilətinin əzəmətli olmasından dolayı idi. Necə ki, Allah təala buyurur: "Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! " (Qədr, 3).
 
2. Qədr gecəsinin vaxtı ona bildirilməmişdən qabaq Peyğəmbərin sallallahu aleyhi və səlləm həmin gecəni axtarmağa cəhd göstərməsi. Ona görə də, o sallallahu aleyhi və səlləm ilk on günlərdə bunu etməyə başlamış, sonra etikafı orta on gündə etmiş, qədr gecəsinin sonuncu on günlərdə olduğu ona bildirildikdən sonra axırıncı on gündə etikaf etməyə davam etmişdir. Qədr gecəsini axtarmaq üçün bu ən son cəhdir.
 
3. Səhabələrin ridvanallahu aleyhim Allah Rəsuluna sallallahu aleyhi və səlləm tabe olmaları. Çünki ayın sonuna kimi onlar Rəsulullah sallallahu aleyhi və səlləm ilə birlikdə etikafa başlamış və onunla davam etmişdirlər. Çünki onu sallallahu aleyhi və səlləm özlərinə nümunə götürməkdə çox həris idilər.
 
4. Allahın Rəsulunun sallallahu aleyhi və səlləm öz səhabələrinə qarşı rəhimli olması və onlara şəfqət göstərməsi. Çünki o sallallahu aleyhi və səlləm bilirdi ki, etikaf onlar üçün çətindir. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara ridvanallahu aleyhim onunla sallallahu aleyhi və səlləm davam etmək və yaxud tərk etmək arasında seçim verdi və dedi: "...sizlərdən kim etikaf etmək istəyirsə etsin".
 
Həmçinin etikafın digər məqsədləri də var:
 
1. Allah ilə ünsiyyəti tamamlamaq, Onunla tək qalmaq üçün mümkündürsə insanlardan müvəqqəti uzaqlaşmaq.
 
2. Allah təalaya qarşı tam yönəlmək üçün qəlbləri islah etmək
 
3. Allaha namaz, dua, zikr və Quran oxumaqla ibadət etmək üçün özünü tamamilə buna həsr etmək.
 
4. Nəfsin və şəhvətlərin əyləncəsi kimi oruca xələl gətirən hər bir şeydən orucu qorumaq
 
5. Dünyəvi işlərdə mübah olan şeyləri azaltmaq və onlardan ləzzət alma imkanına sahib olmasına baxmayaraq onların bir çoxundan çəkinmək.
 
Bax əl-İtikaf Nəzrah Tərbəviyyəh dr. Abdu`l Lətif Bə`litu
 
|
|