|
İ`D ƏL-FİTRA (FİTRƏ BAYRAMI)
 
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə və onun ailəsinə və səhabələrinin üzərinə olsun.
 
İ`d ərəb dilində vərdiş olunan, təkrarlanan, qayıdan bir şeyə deyilir. Bayramlar və şənliklər hər bir millətdə olan rəmzlərdir. Buraya həmçinin nazil olan kitablarda qeyd olunan və bütpərəstlərin etdikləri, o cümlədən digərləri daxildir. Çünki şənlik keçirmək insan təbiətinin qeyri-iradi hissəsidir. Bütün insanlar xüsusi halların olmağını və bunu qeyd etməyi sevirlər. Bu cür şənliklərdə onlar bir araya toplaşır və öz sevinc, fərəhlərini və xoşbəxtliklərini ifadə edirlər.
 
Kafir millətlərin şənlikləri ilin, kənd təsərrüfatı mövsümünün başlanması, havanın dəyişməsi kimi dünyəvi məsələlər ilə əlaqədardır. Həmçinin dini mərasimlər ilə də bağlı ola bilər. Belə ki, bu cür şənliklərin çoxu Yəhudi və Nəsranilərə (xristianlar) xüsusilə xasdır. Məsələn, cümə axşamı onlar İsa əleyhissəlama süfrə nazil olduğunu iddia edərək şənlənirlər. İsanın anadan olması, Yeni il, Şükranlıq bayramı və hədiyyələrin bağışlandığı digər bayramlar bunlara misaldır. Günümüzdə Bunlar bütün Avropa və Şimali Amerika ölkələrində, Xristianlığın təsirinin üstünlük təşkil etdiyi digər ölkələrdə qeyd olunur. Halbuki bu ölkələr əsas etibarilə xristian deyirlər. Bəzi müsəlmanların da, bu cür bayramlara qoşulduğunu müşahidə etmək çox təəsüf ki, mümkündür. Bunun səbəbi isə cahillik və yaxud münafiqlikdir.
 
MÜSƏLMANLAR ÖZ ŞƏNLİKLƏRİ İLƏ DİGƏRLƏRİNDƏN FƏRQLƏNİR
 
Peyğəmbərin sallallahu aleyhi və səlləm:
 
"Hər bir millətin şənliyi var və bu isə sizin şənliyinizdir (bayramınızdır)"...kəliməsi dəlalət edir ki, bu iki bayram (Fitrə və Qurban) yalnız müsəlmanlara xasdır. Kafir və müşriklərin bayramlarına, şənliklərinə xas bir şeydə onlara oxşamaq müsəlmanlara haramdır. Fərqi yoxdur istər yemək, geyim, tonqal və yaxud ibadət əməlləri olsun. Müsəlman uşaqlarının kafirlərin şənliklərində oynamağına və yaxud bununla bağlı olaraq bəzənməyinə, o münasibətlə onlara qoşulmağına icazə verilməməlidir. Bütün kafir və yaxud bidət şənlikləri haramdır.
 
Müsəlmanların İ`d əl-Fitr (Fitrə bayramı) və İ`d əl-Ədhadan (Qurban bayramı) başqa bayramları yoxdur.
 
Ənəs radiyallahu anhu rəvayət edir:
 
"Allah Rəsulu sallallahu aleyhi və səlləm Mədinəyə gəldi və iki gün var idi ki, insanlar həmin günü oynayır və şənlik edirdilər. O dedi: "Bu iki gün nədir? Onlar dedi: "Biz Cahillik dövründə bu günlərdə oynayır və şənlənirdik". Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: "Allah sizə onlardan daha yaxşısını vermişdir. Ədha və Fitr günü". (Sunən Əbi Davu`d, 1134)
 
Bu iki bayram Allahın ayələri və rəmzləri içindədir. Bunlar qeyd olunmalı, bunlarda olan məqsəd və bunlardan qəsd olunan mənalar başa düşülməlidir.
 
BAYRAMIN ƏDƏBLƏRİ
- QÜSL ALMAQ
 
Bayramın ədəblərindən biri namaza getməmişdən əvvəl qüsl almaqdır.
 
Əl-Muvatta əsərində və digər əsərlərdə varid olan səhih hədisdə rəvayət olunur ki, Abdulla ibn Ömər radiyallahu anhu Fitr günü namazgaha gəlməmişdən əvvəl qüsl alardı. (əl-Muvatta, 428)
 
Səid ibn Cubeyrin radiyallahu anhu belə dediyi rəvayət olunur:
"Bayram (İ`d) günü üç şey sünnətdir: namazgaha (piyada)getmək, qüsl almaq və namazgaha getməmişdən əvvəl yemək yemək".
 
Bu Səid ibn Cubeyrin söylədiyidir və ola bilsin ki, o bunları bəzi səhabələrdən öyrənmişdir.
 
Əl-Nəvəvi rahiməhullah qeyd edir ki, alimlər bayram namazına getməmişdən əvvəl qüsl almağın müstəhəb olduğuna dair yekdil rəydədirlər.
 
Cümə namazı və digər camaat toplantılarına getməmişdən əvvəl qüsl almağın müstəhəb olmasının səbəbi həmçinin Bayram namazına da şamil edilir.
 
- NAMAZGAHA GETMƏMİŞDƏN ƏVVƏL YEMƏK YEMƏK
 
İ`d al-Fitr (bayramda) günü bir neçə xurma və yaxud bir şey yeməmiş namazgaha getməmək. Ənəs bin Malik radiyallahu anhu rəvayət edir ki: "Bayram gününün səhəri Allah Rəsulu sallallahu aleyhi və səlləm bir neçə xurma yemədən namazgaha getməzdi...və o (xurmaları) tək sayda yeyərdi" (Əl-Buxari, 953).
 
Namazgaha getməzdən əvvəl yemək yemək müstəhəbdir, çünki belə etməklə bizlər həmin günü oruc tutmağın haram olduğunu təsdiq edirik və nümayiş etdirir ki, artıq oruc qurtarmışdır.
 
İbn Həcər rahiməhullah izah edir ki, bu cür etmək insanları orucluğu uzatmaqdan çəkindirir və həmçinin Allahın əmrinə itaət etmək mənasını ifadə edir. (Fəth, 2/446)
 
Xurma yoxdursa, səhər yeməyi üçün caiz olan istənilən bir şey yemək olar. Qurban Bayramında isə (İ`d əl-Ədha) namazdan sonra yemək müstəhəbdir, insan öz kəsdiyi qurban ətindən yeməlidir.
 
- İ`D GÜNÜ TƏKBİR GƏTİRMƏK
 
Bu əməl o günün ən əzəmətli sünnətlərindən biridir. Allah təala buyurur: "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Alla`hu Əkbar" deməklə) təzim və şükür edəsiniz" (Bəqərə 2:185).
 
Əl-Vəli`d ibn Muslim demişdir:
"Mən əl-Əvzaidən və Mə`lik ibn Ənəsdən Bayram günü ucadan təkbir gətirmək barəsində soruşdum. Onlar dedilər: "Bəli, Abdullah ibn Ömər imam gələnə kimi Fitr günü bunu ucadan deyərdi".
 
Əbu AbdurRəhman əl-Sulami demişdir: "İ`d əl-Fitr (bayram) günü onlar İ`d əl-Ədhadan (Qurban bayramından) fərqli olaraq bunu ucadan söyləyərdilər". Vaki demişdir, "yəni, təkbiri (ucadan deyərdilər)" (İrva, 3/122).
 
Əl-Dərəqutni və digərləri rəvayət edirlər ki, İbn Ömər İ`d əl-Fitr və İ`d əl-Ədha günü gələndə, namazgaha çatana kimi bacardığı qədər təkbir deyərdi, sonra imam gələnə qədər təkbir gətirməyə davam edərdi.
 
İbn Əbi Şeybəh səhih isnadla rəvayət edir ki, Əl-Zuhri demişdir:
"Bayram günü insanlar evlərindən çıxıb namazgaha çatana qədər və imam ortaya çıxana kimi təkbir gətirərdilər. İmam gələndə, onlar sakit dururdular, imam təkbir gətirirdi, sonra isə onlar təkbir deyirdilər" İrva, 2/121.
 
Evdən namazgaha çatana qədər və imam gələnə kimi təkbir gətirmək ənənəsi sələflərimiz arasında məşhurdur və İbn Əbi Şeybəh, AbdulRəzzaq kimi bir neçə müəlliflər və həmçinin Əhkə`m əl-İ`dəyn kitabında bəzi sələflərdən öz kitabında sitatlar gətirən Əl-Firyabi tərəfindən rəvayət olunmuşdur. Buna misal Nə`fi ibn Cubeyrin rəvayətidir. O təkbir gətirərdi və insanların belə etməməsinə təəcüblənirdi. Camaata belə deyərdi:"Siz nə üçün təkbir gətirmirsiniz?".
 
İbn Şiha`b əl-Zuhri demişdir: "Camaat evlərini tərk etdikləri andan imam gələnə kimi təkbir deyərdilər". İ`d əl-Fitr günü təkbir gətirmək üçün vaxt bayram gecəsindən başlayaraq imam camaata namaz qıldırmağa başlayana qədər davam edir.
 
- TƏKBİRİN SÖZLƏRİ
 
İbn Əbi Şeybəh əl-Musənnəf əsərində rəvayət edir ki, İbn Məsu`d radiyallahu anhu Təşriq günlərində aşağıdakı qaydada təkbir deyərdi:
 
ALLA`HU ƏKBAR, ALLAHU ƏKBAR, LƏ İLƏ`HƏ İLLƏLLA`H, VALLA`HU ƏKBAR, ALLA`HU ƏKBAR VA LİLLƏHİL HƏMD (ALLAH BÖYÜKDÜR, ALLAH BÖYÜKDÜR, ALLAHDAN BAŞQA İBADƏTƏ HAQQI OLAN HAQQ MƏBUD YOXDUR VƏ HƏMD ALLAH MƏXSUSDUR)
 
İbn Əbi Şeybəh bunu eyni isnadla başqa yerlərdə də rəvayət etmişdir, lakin Alla`hu Əkbar kəliməsini üç dəfə təkrarlamışdır.
 
Əl-Muhə`mili həmçinin rəvayət edir ki, İbn Məsu`d belə deyərdi:
ALLA`HU ƏKBAR KƏB`İRAN, ALLA`HU ƏKBAR KƏB`İRAN, ALLA`HU ƏKBAR VƏ ƏCƏLL, ALLA`HU ƏKBAR VƏ LİLLƏ`HİL HƏMD (ALLAH HƏR BİR ŞEYDƏN BÖYÜKDÜR, ALLAH HƏR BİR ŞEYDƏN BÖYÜKDÜR, ŞANI UCADIR, HƏMD ALLAHA MƏXSUSDUR)" (əl-İrva, 3/126).
 
- BİR-BİRİNİ TƏBRİK ETMƏK
 
İnsanlar bayram günü bir-birilərini qarşılıqlı şəkildə təbrik edib və yaxşı sözlərlə salamlaya bilərlər. Məsələn: biri digərinə: "Təqəbbəl Allahu minnə va minkum (Allah bizlərdən və sizlərdən qəbul etsin) və yaxud "İ`d Mubarak! (Bayramınızı mübarək olsun)" və buna bənzər digər sözlər söyləyə bilər.
 
Cubeyr ibn Nufeyr demişdir:
"Peyğəmbərin sallallahu aleyhi və səlləm dövründə camaat bayram günü bir-biri ilə görüşəndə: "Təqəbbəl Alla`hu minnə` və minkə" (Allah bizlərdən və sizlərdən qəbul etsin) deyərdilər" (İbn Həcər, isnadı həsəndir. Fəth, 2/446).
 
Qarşılıqlı şəkildə görüşmək, salamlaşmaq, təbrik etmək ənənəsi səhabələrin dövründə məşhur idi. İmam Əhməd və digərləri buna icazə vermişdirlər. Bu rəvayətlər dəlalət edir ki, insanları xüsusi hadisələr münasibətilə təbrik etmək olar. Səhabələr yaxşı bir şey baş verdikdə bir-birilərini təbrik edərdilər. Məsələn, Allah təala birinin tövbəsini qəbul etdikdə və s. təbrik edərdilər.
 
Şübhə yoxdur ki, bu cür təbrik etmək əxlaqi davranışların ən üstün növlərindən və müsəlmanlar arasında ictimai keyfiyyətlərin ən üstün təzahürlərindəndir.
 
Ən azından müsəlman bir kəs digəri tərəfindən Bayram təbrikləri ilə təbrik olunduqda ona cavab verməli və heç bir şey deyilməzsə sakit durmalıdır. Necə ki, İmam Əhməd demişdir: Bir kəs məni təbrik etsə, mən təbriki qaytarıram, lakin mən birinci başlamıram".
 
- BAYRAM ÜÇÜN ƏN YAXŞI PALTARLARINI GEYMƏK
 
Abdullah İbn Ömər radiyallahu anhu demişdir:
"Ömər bazarda satışa qoyulan ipəkdən hazırlanmış cübbəsini götürdü və Allah Rəsuluna sallallahu aleyhi və səlləm gətirdi və dedi: Ey Allahın Rəsulu! Bunu al və bayram günü və nümayəndələr gələndə geyərsən. Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: Bu paltar axirətdən nəsibi olmayanın paltarıdır..." (Buxari, 948).
 
Peyğəmbər sallallahu aleyhi və səlləm "Ömərin ən yaxşı paltarı geymək barəsində fikrini" təsdiqlədi, lakin bu cübbəni geymək barəsində fikrini inkar etdi, çünki bu paltar ipəkdən hazırlanmışdı.
 
Ca`bir radiyallahu anhu demişdir:
"Peyğəmbərin sallallahu aleyhi və səlləm bir cübbəsi var idi, onu Bayramda və Cümə günləri geyərdi" (Sahi`h ibn Xuzeymə, 1765).
 
Əl-Beyhəqi rəvayət edir ki, İbn Ömər bayramda ən yaxşı paltarlarını geyərdi. Ona görə də kişilər İ`də (bayrama) gedəndə ən yaxşı paltarlarını geyməlidirlər.
 
Qadınlar isə bayrama gedərkən zinət əşyalarını geyməkdən çəkinməlidirlər, çünki naməhrəm kişilərin qarşısında öz zinətlərini göstərmək qadınlara qadağandır. Bayıra çıxmaq istəyən qadına ətirlənmək və yaxud kişilərin qarşısında cəzb edici tərzdə özünü göstərərək getməsi haramdır. Çünki, o məscidə yalnız ibadət etmək məqsədilə gedir. Məgər mömin qadının ibadət etdiyi Rəbbinə qarşı asilik edərək və diqqəti cəlb edən dar və şəffaf rəngli paltarlar geyərək və yaxud ətirlərənərək məscidə getməsinin doğru olduğunumu düşünürsünüz?
 
- BAYRAM XÜTBƏSİNƏ QULAQ ASMAQ
 
İbn Qudamə rahiməhullah əl-Ka`fi (s.234) kitabında demişdir:
"İmam (namazın axırında) salam dedikdən sonra, cümə xütbələri kimi iki hissədən ibarət xütbə deməlidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bunu etmişdir. (Baryam xütbəsi) cümə xütbəsindən dörd şeydə fərqlənir...dördüncüsü budur: xütbə sünnətdir və buna qulaq asmaq fərz deyil, çünki rəvayət olunur ki, Abdullah ibn əl-Sə`ib demişdir: "Mən Allah Rəsulu ilə birlikdə bayramda iştirak etdim və o namazı qurtarandan sonra dedi:
"Xütbə verəcəyik, kim oturub xütbəyə qulaq asmaq istəyirsə otursun, kim də getmək istəyirsə getsin".
 
Əl-Nəvəvi rahiməhullah əl-Məcmu Şərh əl-Muhəzzəb (səh.23) kitabında demişdir: Camaatın xütbəyə qulaq asması müstəhəbdir. Buna baxmayaraq xütbə və xütbəyə qulaq asmaq bayram namazının vacib şərtlərindən deyildir. Lakin əl-Şa`fi rahiməhullah demişdir: Bir kəs bayramda, günəş tutulanda, yağış yağması üçün namaz qılındıqda və yaxud həcc zamanı xütbəyə qulaq asmırsa, bu xütbələr zamanı danışırsa və ya tərk edirsə (mən bunu istməzdim) namazı təkrar qılmamalıdır.
 
İbn Useymin əl-Şərh əl-Mumti alə Zə`d əl-Mustanfi, 5/192 əsərində demişdir:
"İbn Quda`mənin "iki cümə xütbəsi kimi" sözlərinin mənası budur ki, o iki xütbə verməlidir. Baxmayaraq bu məsələdə ixtilaf var, necə ki yuxarıda qeyd etdik. Bayram xütbəsinin hökmü cümə xütbəsinin hökmündədir, hətta o qədər ki, xütbə zamanı danışmaq haramdır, lakin xütbədə iştirak etmək fərz deyil, halbuki cümə xütbəsində iştirak etmək fərzdir. Çünki Allah təala buyurur (mənaca tərcümə): "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (Cümə 62,9).
 
Bayram xütbələrində iştirak etmək fərz deyil və tərk etmək olar, lakin biri xütbə üçün qalsa heç kəs ilə danışmamalıdır (xütbə zamanı). Müəllifin "iki cümə xütbəsi kimi" sözündən qəsd olunan budur.
 
Alimlərdən biri demişdir: "Bayram xütbələrinə qulaq asmaq fərz deyil, çünki iştirak etmək və qulaq asmaq fərz olsaydı, o zaman onu tərk etmək haram olardı. Lakin tərk etmək icazəli olduğu kimi, qulaq asmaq da vacib deyil".
 
Bununla belə, xütbə zamanı söhbət etmək xütbəyə qulaq asanlar üçün əziyyət yaradarsa, qulaq asmamağa görə deyil, onlara əziyyət etdiklərindən dolayı bunu etmək haramdır. Buna əsaslanaraq, imam bayram günü xütbə verərkən birinin kitabı varsa, o bu kitabı oxuya bilər, çünki bu heç kəsə əziyyət etmir. Lakin müəllifin məzhəbinə görə, bir kəs xütbə zamanı hazır olarsa xütbəyə qulaq asmaq fərzdir. Bayram xütbəsinin Cümə xütbəsindən fərqi budur ki, bayram xütbəsi sünnətdir və xütbəyə qulaq asmaq fərz deyil.
 
- MƏSCİDƏ GEDƏRKƏN BİR YOL İLƏ GETMƏK, MƏSCİDDƏN QAYIDARKƏN DİGƏR YOL İLƏ QAYITMAQ
 
Ca`bir ibn Abdullah radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bayram günü yollarını (gedib-gələrkən) dəyişərdi" (əl-Buxari, 986)
 
Həmçinin rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm piyada (bayrama) gedərdi, azansız və iqaməsiz namaz qılardı, sonra başqa bir yolla geri qayıdardı. Bunu belə etməkdən məqsədin "iki müxtəlif yol Qiyamət Günü insanın lehinə şahidlik edəcəkdir" olduğu-deyilmişdir, çünki o gün yer onun üzərində baş verən hər bir xeyir və şərri danışacaqdır. Allah təala buyurur: "Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir" (əl-Zilzal 99:4).
 
Belə etməkdən məqsədin hər iki yol boyunca İslamın şüarlarını və ayinlərini nümayiş etdirmək və Allahı ucadan zikr etmək, münafiqləri və yəhudiləri qəzəbləndirmək, fətva verməklə insanların ehtiyaclarını qarşılamaq, onları öyrətmək və belə etməklə onlar üçün nümunə olmaq, ehtiyacı olanlara sədəqə vermək və yaxud qohumları ziyarət etmək və qohumluq əlaqələrini saxlamaq olduğu deyilmişdir.
 
- ZÜLM ETMƏKDƏN ÇƏKİNMƏK
 
Bəzi insanlar düşünürlər ki, İslam bizlərə evdə qalmağı və bayram gecəsi namaz qılmağı əmr edir. Bu barədə səhih olmayan hədisi sitat gətirirlər. Hədisdə deyilir: "Kim bayram gecəsi (gecə) dursa və namaz qılsa, qəlblərin öləcəyi bir gündə onun qəlbi ölməyəcəkdir". Bu hədis iki insada rəvayət olunmuşdur, hədislərdən biri zəifdir və digər isə olduqca zəifdir. İslam bayram gecəsini duraraq namaz qılmaq üçün bunu xüsusiləşdirməyi bizlərə əmr etmir. Lakin, bununla belə, bir kəs adəti üzrə gecə qalxıb qiyam qılarsa, həmçinin bayram günü də belə etməyində bir (yanlışlıq) şey yoxdur.
 
- BƏZİ NAMAZGAHLARDA, KÜÇƏLƏRDƏ VƏ S. KİŞİ VƏ QADINLARIN QARIŞMASI
 
Əfsuslar olsun ki, bu əməl nəinki küçələrdə həmçinin məscidlərdə də baş verir. Bir çox qadın-Allah onlara hidayət etsin-başı açıq, makyajlanaraq və ətirlənərək, zinətlərini əzib büzərək bayıra çıxırlar. Məscidlərdə bu qədər çox sayda kütlənin olduğu belə bir vəziyyətdə bu cür halların təhlükəsi odluqca açıq aydındır. Ona görə də məsul şəxslər bayram namazlarını lazımi qaydada təşkil etməli, qadınlar üçün xüsusi ayrı qapılar və yollar təxsis etməlidirlər. Öncə qadınlar çıxdıqdan (tərk etdikdən) sonra, kişilərin çxımasını qaydaya salmalıdırlar.
 
Bəzi camaatlar bayram günü mahnı oxumaq və digər boş-boş əyləncə formalarını etmək məqsədilə bir araya gəlirlər. Bunları etmək haramdır.
 
Bəzi insanlar Ramazan qurtardığına görə və bir daha oruc tutmadıqlarına görə bayram edirlər. Bu xətadır. Möminlər bayramı onun üçün qeyd edirlər ki, Allah təala orucluq ayını tamamlamarı üçün onlara kömək etmişdir. Bəzi insanlar kimi ağır yük hesab etdikləri orucluğun qurtarmasını qeyd etmirlər.
 
Allahdan diləyimiz budur ki, bizim ibadətlərimizi və tövbələrimizi qəbul etsin. Amin! Allahın salamı və salavatı Peyğəmbərimizi Muhəmmədə, onun pak ailəsinə və səhabələrinin üzərinə olsun.
 
|
|