RAMAZANDAN SONRA SABİT QALMAQ Sufyan ibn Abdullah dedi: "Ey Allahın Rəsulu! Mənə islam barəsində elə bir şey söylə ki, (ondan sonra) heç kəsdən (bunu səndən başqasından) soruşmayım. O sallallahu aleyhi və səlləm dedi: "De ki: Allaha iman gətirdim və sonra sabit ol (onun üzərində). Sahih Muslim, 38

Bu hədis dəlalət edir ki, qul Allaha iman etdikdən sonra fərz əməlləri etməklə və qadağanlardan çəkinməklə, Allaha itaətdə mətanət göstərməli və sabit olmalıdır. Buna isə Düz Yola tabe olmaqla nail olunur ki, bu da möhkəm Dinimizdir. İnsan onda sağa və sola meyl etməməlidir. Müsəlman Ramazan boyunca yaşayıbsa və gündüzlərini oruc tutmaqla və gecələrini ibadətlə keçiribsə, özünü o ayda saleh əməlləri etməyə alışdırıbsa, o zaman ondan sonra da qul hər zaman, bütün anlarında Allaha olan bu itaətində sabit qalmağa davam etməlidir. Bu qulun həqiqi halıdır, çünki həqiqətən də ayların Rəbbi Təkdir və O hər zaman qullarını Görür və Şahiddir.

Həqiqətən, Ramazandan sonra sabitlik, söz və əməllərdə düzəliş, irəliləyiş, islah olunma insanın Ramazan ayından xeyir əldə etdiyinə, fayda qazandığına və itaətdə səy göstərdiyinə dair ən böyük əlamətləri təşkil edir. Onlar (islah olunma, irəliləyiş) əməllərin qəbul olunmasının rəmzi və müvəffəq olmağın, nicat tapmağın əlamətləridir. Bundan əlavə, qulun ibadətləri ayın sona çatması və başqa bir ayın başlanması ilə sona çatmır. Əksinə onlar davam edir və ölüm insana yetişənə kimi uzanır. Allah təala buyurur: "Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!" Hicr, 99

Ramazan orucu sona çatsa da, o halda bütün il boyu şəriətdə buyurulan nafilə oruclar var və həmd bütünlüklə Allaha məxsusdur. Ramazan ayında gecə namazlarını əda etmək sona çatsa da, gecə namazını qılmaq üçün bütün il bunun üçün bir zamandır. Fitrə zəkatı başa çatsa da, fərz buyrulan zəkat, həmçinin bütün il boyu davam edən könüllü sədəqə vardır. Bunlar həmçinin Quran barəsində və onun ayələri haqqında düşünmək, həmçinin digər hər bir müstəhəb əmələ da aiddir. Çünki hər zaman bu əməlləri etmək olar.

Allahın öz qullarına bəxş etdiyi bol nemətlərdən biri budur ki, O qulları üçün şəriətdə çox sayda müxtəlif növ ibadətlər təyin etmişdir və saleh əməlləri etmək üçün çoxlu səbəblər, vasitələr yaratmışdır. Ona görə də, müsəlmanın himməsi (istəyi) və şövqü, həvəsi davamlı olmalı və öz Rəbbinə qulluqda qalmağa davam etməlidir.

Əfsuslar olsun ki, müxtəlif cür saleh əməlləri etməklə ibadət edən camaatları Ramazan ayında görmək olur. Onlar gündəlik beş namazlarını məsciddə əda edərək ona ciddi riayət edirlər, bol-bol Quran oxuyurlar və öz pullarından sədəqə verirlər. Lakin elə ki, Ramazan sona çatır, onlar ibadətdə tənbəlləşirlər. Əksinə, bəzən hətta fərzləri belə tərk edirlər, camaatla namaz qılmaq kimi həm ümumi fərzləri və həmd də fəcr namazı kimi xüsusi fərzləri tərk edirlər! Hətta namaz vaxtlarını yatıb qalmaq kimi qadağan olunan əməlləri işləyirlər. Vaxtlarını öldürmək üçün boş-boş yerlərə və əyləncə yerlərinə dalaraq, parklarda dolaşaraq, xüsusilə də bayram günlərində qadağan olunmuş işlər edirlər! Bu cür şər əməllərdən nicat tapmaq, xilas olmaq yalnız Allahın neməti sayəsində olur. Beləcə, onlar inşa etdiklərini (ibadətlərini) məhv edir və əsasını qoyduqlarını dağıdırlar. Bu da məhrum olmağın göstəricisi və həlak olmağın əlamətidir! Həqiqətən, bu cür insanlar tövbəyə yönəlmək və şər əməllərdən çəkinməyin yalnız Ramazan ayına xas olduğunu və onunla məhdudlaşdığını özəri üçün nümunə götürürlər. Ona görə də, ay qurtardıqda bu cür yaxşı əməlləri etməyi dayandırırlar. Beləcə, sanki onlar günah işləməyi Ramazanın xatirinə tərk etmişdirlər və Allah qorxusundan yox! Allah təalanı yalnız Ramazanda tanıyan insanlar necə də şərrli insanlardır!

Həqiqətən, Ramazan orucu ilə Allahın quluna bəxş etdiyi müvəffəqiyyət hasil olur. Allahın quluna orucu tamamlamağa kömək etməsi böyük nemətdir. Ona görə də, qulun Rəbbinə şükr etməsi zəruridir. Bu anlayışın, fəhmin əslini oruc ayının neməti tamamlandıqdan sonra Allah təalanın aşağıdakı ayəsindən görmək olar: "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (ALLAHU ƏKBAR deməklə ) təzim və şükür edəsiniz. Bəqərə: 185

Ona görə də, o kəs ki orucu tamamlamağa müvəffəq olduğuna görə şükr edirsə, o həmin hal üzrə qalmağa və saleh əməllər etməyə davam edəcəkdir. Həqiqətən, Müsəlmanın həqiqi davranışı oruc tutmaq və gecə namazlarını qılmaqda ona imkan, fürsət bəxş etdiyinə görə öz Rəbbinə təriflər deməsi və şükr etməsi şəklində olmalıdır. Onun Ramazandan sonra halı Ramazandan əvvəlki halından daha yaxşı olmuşdur. İtaətə, saleh əməllər etməyə daha çox hazırdır və fərzləri icra etməkdə daha tələskəndir. Bu belədir, çünki o mühüm tədris mədrəsəsindən (Ramazandan) faydalar qazanmışdır. Belə ki, o kəs tutduğu oruclarının qəbul olunmamasından qorxu içindədir, çünki həqiqətən də Allah yalnız müttəqilərdən qəbul edir.

Saleh sələflərimiz əməllərini tamamlamaq və kamilləşdirmək üçün səy göstərərdilər, ondan sonra isə əməllərinin qəbul olunmasını ümid edirdilər və qəbul olunmamasından qorxu içində idilər. Əli radiyallahu anhudan gələn rəvayətdə o demişdir: "Əməllərin özü deyil, əməllərinizin qəbul olunmasına daha çox fikir verin. Məgər Allah təalanın "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!" kəlamını eştiməmisiniz? Məidə: 27 Lətə'if-ul-Məarif (s. 246)

İmam Əhməd Müsnədində Möminlərin anası Aişənin radiyallahu anhə belə dediyini rəvayət edir ki, "Dedim: Ey Allahın rəsulu! "Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər" ayəsi zina edən, içki içən kəslərə aiddir?" Dedi: "Xeyir! Ey Əbu Bəkirin qızı-və ya Xeyir! Ey Sıddıqın (Əbu Bəkirin) qızı! Onlar oruc tutan, namaz qılan və sədəqə verən, lakin onlardan bu əməllərinin qəbul olunmasından qorxduğu kəslərdir"". İmam Əhməd, 6/205; Tirmizi, 3175; İbn Macə, 4198; Şeyx Albani "Səhih"( 162)

Ona görə də hidayət olunduqdan sonra üz döndərməkdən və mətanət göstərdikdən sonra azmaqdan həzər edin və bir daha həzər edin! Allahdan istəyirəm ki, saleh və yaxşı əməllərə davam etməkdə sizlərə dözümlülük bəxş etsin. Həmçinin Allahdan istəyirəm ki, sizlərə gözəl aqibət bəxş etsin ki, bizlərdən Ramazanımızı qəbul etsin.


ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Copyright.SelefEqidesi.com, 2007