Qəti qələbə möminlərindir, LAKİN imtahanlardan uğurla keçdikdən sonra!


Allah təala buyurur: "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz?" (Bəqərə, 214).

      Hər bir mömin bu dünya və axirətdə nicat tapmaq üçün imanı ilə mütləq imtahana çəkiləcəkdir. Allah təala hər iman gətirən qulunu imanın səviyyəsinə görə imtahana çəkəcəkdir.

      Allah buyurur: "Əlif, Lam, Mim! İnsanlar yalnız: "İman gətirdik!" – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!" (Ənkəbut, 1-3). Bu sual şəklində xəbərdarlıq, məzəmmətdir. Yəni Allah mütləq səhih hədisdə varid olduğu kimi iman gətirən qullarını imanlarının səviyyəsinə görə imtahana çəkəcəkdir.

      Mus`ab ibn Sad atasından nəql edir: Deyir ki: "Ey Allahın Rəsulu, dedim. İnsanlardan ən çox kim bəlaya məruz qalır? O dedi: "Peyğəmbərlər, sonra böyüklükdə onlara və bunlara yaxın olanlar. İnsan dini nisbətində bəlaya məruz qalır. Kim dinində şiddətli və möhkəm olarsa, onun bəlası şiddətli olur. Əgər dinində zəiflik varsa, Allah da onu dini nisbətində imtahan edir. Bəla qulun arxasını buraxmır. Ta ki, o qul xətasız olaraq yerüzündə yürüyənə qədər" Tirmizi, Zühd 57, (2400).

      Lakin iman gətirməyənlər bu cür sınaqlar və imtahanlardan xilas ola bilməyəcəklər, çünki qarşıda onları şiddətli əzab gözləyir. Allah təala buyurur: "Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!" (Ənkəbut, 4).

      Allah təala buyurur: "Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin olduğunuz vəziyyətdə qoyan deyildir "(Ali-İmran, 179).

      Allah sübhənahu və təala sonsuz Hikmət Sahibi bəlaların, müsibətlərin baş verməsinə izn verir və bu müsibətlər, bəlalar zamanı Allah dostları ilə düşmənləri üzə çıxır, səbirli möminlə asi münafiq bilinir. Allah təala buyurur: "Allah sizə qeybi də bildirən deyildir" (Ali-İmran, 179).

      Yəni sizlər iman gətirənlərlə münafiqləri ayırd edə bilmək üçün Allahın məxluqları haqqındakı elmə sahib deyilsiniz, qeybi bilmirsiniz. Yalnız Allah təalanın göstərdiyi əlamətlərdən sonra bunlar haqqında məlumatınız ola bilər.

      Hətta keçmiş ümmətlər sınanmış və fəlakətlərlə, bəlalarla, kafirlər tərəfindən zülm edilməklə imtahana çəkilmişlər lakin Son Qələbə hər zaman möminlərindir.

      Varid olan səhih hədisdə Xabbab əl-Arat demişdir: "Biz : Ey Allahın Rəsulu! Sən nə üçün Allaha bizə kömək etməsi üçün dua etmirsən? Nə üçün bizim üçün Allaha dua etmirsən?" O cavab verdi: "Sizdən əvvəlki insanlar arasında bir kişini onun üçün torpaqda qazılmış quyuya aparırdılar və ora qoyurdular, sonra mişarı onun başına qoyaraq iki hissəyə bölürdülər, ətini sümüyündən cırmaq üçün dəmir daraqdan istifadə edirdilər lakin bu onu dinindən döndərmirdi" (Buxari, bax. Fəth əl-Bari, 12/315).

      Həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: "Allaha and olsun! Bu din Allah tərəfindən yayılacaqdır. Hətta Sənadan Hadramuta gedən yolçu Allahdan başqa heç kimdən və qoyunlarına canavarın hücum etməsindən qorxmayacaqdır " (Bax. Fəth əl-Bari 7/165).

      Allah təala buyurur: "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" – demişdilər.Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə, 214).

      Yəni, sizdən əvvəlki ümmətlər xəstəlik, ağrı, fəlakət və çətinliklər, məşəqqət ilə imtahana və sınağa çəkildikləri kimi siz də imtahan olunacaqsınız. Belə ki, onlar elə bir imtahana çəkilmişdilər ki, düşmənlərinə qarşı onlara dəstək verməsi üçün Allaha yalvardılar, çətinliklər və imtahanlardan xilas olmaq üçün Ondan kömək dilədilər.

      Allah təala Ali İmran Surəsində buyurur: "(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün! Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir. Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! Əgər siz yara aldınızsa, o biri (kafir) dəstə də o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz! (Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür.Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali-İmran, 137-142).

      Bu ayələr müsəlmanların Uhud döyüşündə məğlub olmasından sonra nazil olmuşdur. Allah təala Uhud döyüşündə itki verən mömin qullarına bildirir ki, onlardan əvvəlki ümmətlər içində Peyğəmbərə tabe olanlar bənzər itkilərlə qarşılaşmış və zərər çəkmişlər. Bununla belə gözəl aqibət möminlərin və son məğlubiyyət isə kafirlərin olmuşdur. Buna görə də Allah təala buyurur: "İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün! Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir. Qurani Kərimdə keçmiş ümmətlərə dair qissələr vardır. Quran əşyaların əsl həqiqətini izah edir və əvvəlki ümmətlərin kafirlərin əlindən necə əziyyət çəkdiklərini rəvayət edir.

      Daha sonra Allah təala möminlərə təsəlli verir və çəkdiyiniz əzablara görə: "Ruhdan düşməyin və qəmgin olmayın" buyurur, çünki son qələbə və zəfər mütləq sizin olacaqdır ey möminlər. Siz yara aldınızsa və sizlərdən bəziləri öldürüldüsə, sizin düşmənləriniz də yara aldı və öldü.

      Bəzən Allah təala hikməti səbəbi ilə düşmənin sizlərə qalib gəlməsinə izn verir. Bununla belə gözəl aqibət möminlərindir. Yəni səbr edənlər və Allahın razılığını qazanmaq üçün həyatlarını səmimi qəlbdən qurban verənlərin ortaya çıxması üçün. Allah təalanın "kafirləri məhv etməsi üçündür"-kəlamı göstərir ki, həddini aşan və zülm törədən kafirlər qəti həlaka, köklərinin kəsilməsinə, məhv olmağa və ölümə düçar olacaqlar.

      Sonra Allah təala buyurur: "Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?". Yəni, sizlər bu cür çətinliklərlə imtahan olunmayana qədər Cənnəti qazanmayacaqsınız.

      Roma imperatoru, Əbu Sufyandan "Siz onunla (Muhammad sallallahu aleyhi və səlləm ilə) vuruşdunuzmu?"-deyə soruşdu. O isə: "Bəli" dedi. Herakl dedi: "Sizin aranızda döyüşün nəticəsi necə olurdu?" Əbu Sufyan cavab verdi: "Bəzən biz və bəzən də onlar uduzur" . O dedi:"Peyğəmbərlərin məsələsi belədir, onlar imtahana çəkilirlər, lakin son qələbə onlarındır" (Fəth əl-Bari, 9/25).

      Baxın Allah təala imtahanlar zamanı Öz Peyğəmbərini Qureyş onun xəbərini inkar etdiyində, istehza etdiklərində və ona qarşı toplandıqları zamanı necə sabitləşdirir, möhkəmləndirir. Allah təala bəyan edir: "Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik. Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər! Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Quranda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir) (Zuxruf, 6-8). Yəni, Biz peyğəmbərlərə iman gətirməyənləri darmadağın etdik, o kafirlər (əvvəlkilər) sənə iman gətirməyən kafirlərdən daha qüvvətli idilər ey Məhəmməd (sallallahu aleyhi və səlləm). Biz onları (əvvəlkiləri) onlardan sonra gələn kafirlər üçün ibrət etdik ki, onları da eyni aqibət gözləyir. Həmçinin Allah təala buyurur: "Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik (Zuxruf, 56).

      Həmçinin Ğafir surəsində Allah təala bəyan edir ki, kafirlər say və qüvvət baxımından çox, möminlər az olsalar da, kafirləri möminlərin əlləri ilə alçaltmaq və məhv etmək Allah təalanın Sünnətidir (qanun).

      Allah təala buyurur: "Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi). Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına – qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı). Onlar əzabımızı gördükdə dedilər: "Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!" Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular) (Möminin, 82-85 ).

      Bunun ən gözəl nümunələrindən biri də Musa əleyhissəlam və düşməni Firovndur. Firovnun gücü və adamları Musadan əleyhissəlam qat-qat çox idi. Lakin Allah onun ordusunu darmadağın etdi və onların hamısını boğdu. (Firon) batacağı anda: "İsrail oğullarının inandıqlarılarından başqa ilah olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!" – dedi(Yunus, 90). Lakin Allah təala: "İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!- buyurur. (Yunus, 91).

      Beləcə, "Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! (Əhzab, 62). Ona görə də möminlərin Allaha təvəkkül etmələri və Onun mütləq möminlərə qarşı zülm edən kafirləri zəlil edəcəyinə və məhv edəcəyi haqqında vədinə inanmalaırı vacibdir. Lakin qələbəyə qədər möminlər imtahanlara səbr ilə mətanət göstərməlidirlər, çünki qələbə bu imtahanlardan uğurla keçdikdən sonra gələcəkdir.

      Səhabələr (radiyallahu anhum) kafirlər tərəfindən şiddətli əzaba məruz qalırdılar. Ailə üzvlərini və qohumlarını, bütün var-dövlətini, əşyalarını tərk edərək hicrət etməyə məcbur edilmişdilər. Lakin onlar imanlarında sabit oldular, on il Məkkədə kafirlərin zülmünə, Mədinəyə hicrət edərkən çətinliklərə dözdülər və bundan sonra Allah təala onları bu dünyada onlardan daha yaxşısı ilə əvəz etdi, onlara qələbə verdi, yer üzündə onlara güc verdi, onları hicrət etməyə məcbur edənlər üzərində onları hakim etdi, onlardan hər biri möminlərə hidayət rəhbəri oldular.

      Allah təala muhacirlərə axirətdə onlar üçün hazırladığı mükafatın bu dünyadakı mükafatdan daha böyük olduğunu bəyan edir. Allah təala buyurur: "Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər! (O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir! (Nəhl, 41-42 ).

      Xülasə: Həqiqi müsəlman olduğunu iddia edən hər bir kəs mütləq Allah tərəfindən imtahana çəkiləcək və sınanacaqdır. Bu cür imtahanlar aclıq və yaxud kafirlər tərəfindən zülm şəklində ola bilər. Bu imtahnlar baş verdikdə, mömin bu cür imtahanlardan səbr etməklə, Allaha təvəkkül etməklə (Allahın mütləq ona kömək edəcəyinə və dininə dəstək verəcəyinə ) və dinində istiqamət (sabitlik) üzrə olmaqla müvəffəqiyyətlə çıxa bilər. Çünki Allah təala cənnəti və yaxud qələbəni möminlər tərəfindən səbir, təvəkkül və sabitlik olmadan bəxş etmir.

      Həmçinin kimsə İslam dinini qəbul etməyənlərin bütün qəm-qüssə və müsibətlərdən xilas olacağını güman etməsin. Çünki dünya həyatında onlara verilən möhlət onları Cəhənnəm-Odunda əbədi həlaka düçar edəcəkdir. Halbuki axirət həyatında verilən cəzaya nisbətdə çox kiçik müsibətlərlə imtahana çəkilən möminlərə cənnətdə əbədi ləzzət bəxş ediləcəkdir. Orada isə heç bir çətinliyin və yaxud əzabın izi belə olmayacaqdır.

      Sonda sözümüzü Allah təalanın bu ayələri qurtarırıq. Allah təala buyurur: "Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!". Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar). (Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm! Eyni zamanda da əzabım da çox şiddətli əzabdır! (Hicr, 45-50).

     
Copyright.SelefEqidesi.com, 2007