ALLAH – subhanəhu və təala – nin ULUV – UCALIQ SİFƏTİ VƏ SƏMADA OLMASI


      Ərşin üzərində olmasına baxmayaraq, bütün yaratdıqları üzərində uca, onlardan ayrı olmasına baxmayaraq, onları görən, onların nə halda olduqlarını bilən, hər şeyi elmi ilə əhatə edən də odur. Heç bir şey ondan gizli qalmaz, kimsə onunla çəkişməz, ona qarşı çıxmaz, ona heç bir şeydə əngəl olmaz. Əksinə hər şey onun əzəməti önündə boyun əyər, izzəti qarşısında zəlildir. Hər şey onun hökmü, idarəsi altındadır. O, şanı etibarı ilə ən yüksəkdir. O, bütün kamil sifətlərin sahibidir, bütün əskikliklər ondan uzaqdır. ƏZİZDİR, CƏLİLDİR, şanı mübarək və çox ucadır.
      ULUV – Ucalıq deməkdir. Allah – subhanəhu və təala – nin zatı sifətlərindən olub iki qismə ayrılır.
      1. Sifətlərin Uluvvu. 2. Zatın Uluvvu.
      Allah daima uca və böyükdür. Allahın uca olmasına və səmada olmasına beş şey dəlalət edir. 1. Qurani –Kərim. 2. Sünnə. 3. Səhabələrin icması. 4. Ağıl. 5. Fitrət.
      Allah – subhanəhu və təala – nın səmada olmasına Quran və Sünnədə 18-cür isbat var.
      1. MİN – dan, dən, ön qoşması ilə Allahın yüksəkdə olması – Fövq. «Onlar, onların fövqündə olan Rəblərindən qorxarlar». (ən-Nəhl 50).
      2. MİN – dan, dən, ön qoşması gəlmədən. «O, öz qulları üzərində hakim-mütləqdir». (əl-Ənam 18 və 61).
      3. Ona doğru yüksəliş. «Mələklər və ruh onun dərgahına müddəti əlli min olan bir gündə qalxarlar». (əl-Məaric 4). Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Onların arasında gecələyən mələklər yuxarıya qalxarlar (uruc edərlər). Allah onlardan soruşar…».
      4. SAƏDƏ – SUUD – qalxmaq sözündən. «Pak söz ona tərəf yüksələr». (Fatir 10). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurur: «Allaha ancaq gözəl şey yüksəlir…». Əbu Musa əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurur: «Gündüzün əməlindən əvvəl gecənin əməli, gecənin əməlindən əvvəl gündüzün əməli ona (Allaha) yüksəlir (qaldırılır)».
      5. RAFAƏ – YARFƏU – qalxmaq sözündən. Bir çox məxluqatı özünə döğru yüksəldən. «Ya İsa! Həqiqətən mən sənin ömrünü tamam edib öz dərgahıma qaldıraram». (Ali İmran 55). «Xeyir! Allah onu öz dərgahına qaldırmışdı». (ən-Nisa 158).
      6. Mütləq ULUV (ucalıq) həm zatı, həm də sifətləri ilə. «O, Alidir (ucadır) və Azimdir (böyük)». (əl-Bəqərə 255). «Allah hər şeydən uca və böyükdür». (əl-Həcc 62).
      7. Kitabın onun tərəfindən endirilməsi. Nazil olması. «O, yeri və uca göyləri yaradan Allah tərəfindən endirilmişdi». (Ta Ha 4). «De ki, onu Ruhul – Qüds (Cəbrail) Rəbbindən haqq olaraq endirmişdi». (ən-Nəhl 102). «Həqiqətən biz Quranı dünya səmasına nazil etdik». (Qədir 1).
      8. Bəzi məxluqların ona yaxın olması. «Rəbbinin yanında olanlar». (əl-Əraf 206). «Göylərdə və yerdə nə varsa onundur. Onun yanında olanlar isə…» (əl-Ənbiya 19). Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «O, kitab onun yanında Ərşin üstündədir». «Fironun yoldaşı (Asya dua edərək) Ey Rəbbim! Öz dərgahında mənim üçün ev qərar et və məni Firon və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et». (Təhrim 11).
      9. – da, də ön qoşması ilə Allahın göydə olması. «Göydə olanın yeri titrədib sizi onun dibinə göndərməyəcəyinə əminsinizmi. Göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?» (Mülk 16,17). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Rəhman olan Allah Rəhm edənlərə Rahm edər. Yerdə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Mənə iman gətirmirsiniz. Mən səmada olanın əminiyəm. Səhər – axşam mənə səmalardan xəbərlər gəlir».
      10. İSTİVA – ucalması. «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). «O, böyük əzəmətli Ərşin sahibi». (əl-Muminun 86).
      11. Dua edərkən əllərin qaldırılması. Salman Farisi – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Əbədi və Kərim olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan utanır».
      12. Allahın dünya səmasına enməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəbbimiz hər gecəni 1/3 – də dünya səmasına enir və buyurur: Mənə dua edənin duasını qəbul edərəm, məndən istəyənin istədiyini verərəm, bağışlanma diləyəni bağışlayaram».
      13. Rəsulullah – sallallahu aleyhi və səlləm – in vida həcci. Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – vida həcci zamanı xütbəsində buyurdu: «Mən sizə din olan hər bir şeyi çatdırdımmı?» Səhabələr: «Bəli, ya Rəsulullah!» Allah Rəsulu şəhadət barmağını qaldıraraq: «Ya Rəbbim! Sən şahid ol, ki, mən onlara hər bir şeyi çatdırdım».
      14. ƏYNƏ – harada? Sözünün işlədilməsi. Müaviyə b. əl-Həkəm əs-Sələmi – radıyallahu anhu – rəvayət edir ki, bir cariyəm var idi. Çöldə qoyun otarırdı. Bir gün canavar qoyunlardan birini yediyinə görə çox qəzəbləndim. Hətta cariyəyə sillə də vurdum. Peşmançılıq çəkdim və hadisəni Rəsulullah – səllallahu aleyhi və səlləm – ə danışdım. Allah Rəsulu buyurdu: «Cariyəni yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «ƏYNƏALLAH – Allah haradadır?».
      15. Allahın səmada olmasını söyləyənin iman sahibi olması. Muaviyə b. əl-Həkəm əs-Sələmi – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – cariyədən soruşdu: «ƏYNƏALLAHAllah haradadır?» Səma üzərində. Bəs mən kiməm? «Sən Allahın Rəsulu». Bəlkə də bizlərin Allah haradadır deyə sual verməyimizə gülə bilərlər. Lakin yaradılmışların ən mükəmməli, Rəbbimizi ən gözəl tanıyan Allah haqqında haradadır deyə sual verdiyini unutmuşlar? O, da cariyənin gözəl cavabını bəyənmişdir.
      16. Fironun Allahın səmada olmasını yalanlaması.Firon dedi: «Ey Haman! Mənim üçün bir qəsr tik ki, bəlkə göylərin yollarına yetişim və Musanın Rəbbini görüm. Doğrusu mən onu yalançı sayıram». (əl-Mumin 36-37). Yəni Firon Musa – əleyhissəlam – ın ilahinin səmada olmasına dair vermiş olduğu xəbərin yalan olduğunu sayırdı. Buna görə də Firon öz qövmünə bunu sübut etmək üçün Hamana onun üçün Qəsr tikməsini əmr edir və sonra: «Doğrusu mən onu yalançı sayıram». (əl-Mumin 36-37). O halda belə bir sual ortaya çıxır: «Nisbət etibarı ilə kim daha çox Firona yaxın olur? Allahın səmada olmasını qəbul edən bizlər? Yoxsa???» heç şübhəsiz ki, Firon, Musa – əleyhissəlam – ın ilahinin səmada olması yalan saymışdı. Allahın ucalığını və səmada olmasını qəbul etməyənlər Firon, səmada olmasını qəbul edənlər isə Musa və Məhəmməd – səllallahu aleyhi və səlləm – in yolundadırlar.
      17. Rəsulullah – səllallahu aleyhi və səlləm – in merac səfəri. Onun orada Peyğəmbərlərlə görüşməsi, Allahın dərgahında namazın fərz olması və s. Zeynəb – radıyallahu anhə – möminlərin anası, Rəsulullah – səllallahu aleyhi və səlləm – in zövcəsi – o biri qadınların yanında daima fəxr ilə deyərdi: «Sizi atalarınız ərə verib, məni isə Allah yeddi qat səma üzərində evləndirib».
      18. Qiyamət günü Cənnət əhlinin öz Rəbblərini görmələri «O, gün neçə-neçə üz öz Rəbbinin camalına baxıb sevinəcəkdir». (əl-Qiyamət 22-23).
      Mən deyirəm ki, Allah Qurani – Kərimdə bir çox ayələrin sonlarında buyurur ki, bu
      ayələrdə ağıl sahibləri, hikmətli insanlar üçün ibrətlər vardır. Ağlı olmayan insan yalnız bu qədər dəlilləri inkar edib Allahın göydə olmasını qəbul etməyə bilər.
      Səhabələrin, tabiinlərin, sələfi salihin alimlərinin və bütün haqq yolda olan müsəlmanların da qəbul etdiyi, Allah – subhanəhu və təala – nin səmada olmasıdır. Əbu Muti deyir ki, Əbu Hənifə – rahmətullahi aleyhi – dən mən Rəbbinin səmada, yoxsa yerdə olduğunu bilmirəm deyən kimsə haqqında soruşdum. O dedi: «Bu kimsə kafir olur». Çünki Allah buyurur: «Rəhman ərşin üstünə yüksəldi». (Ta ha 5). Onun Ərşi isə yeddi səmanın üstündədir. Mən: «Əgər o, Ərşin üzərindədir dediyi halda, bilmirəm Ərş səmadadır, yoxsa yerdədir, desə?» O, dedi: «Yenə o, kafirdir. O, Allahın səmada olmağını inkar edir».
      Ağıl və Fitrət ilə isbata gəlincə, bütün insanlar təbiətləri və səlim qəlbləri ilə dua etdikləri zaman əllərini yuxarı qaldırırlar. Uca Allaha yalvarıb-yaxardıqda da qəlbləri ilə yuxarını qəsd edərlər. Bu Allahın onları yaratmamışdan əvvəl qəlblərində fitrət olaraq yerləşdirdiyi hisslərdir. Onlar bunu bir insandan, müəllimdən öyrənməmişlər. Bu sadəcə qəlbdə olan Allahın ucalığını göstərən hislərdir.

BƏZİ ŞÜBHƏ DOĞURAN AYƏLƏRƏ CAVABLAR


      Müxaliflər müsəlmanların qəlblərinə şübhə salmaq üçün bəzi ayələri dəlil gətirirlər. «Məgər görmürsənmi ki, Allah göydə və yerdə nə varsa, hamısını bilir. Aralarında gizli söhbət edən üç adamın dördüncüsü, beş adamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harda olsalar, Allah yenə də onların yanındadır. Sonra Qiyamət günü Allah onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir». (əl-Mucadələ 7). «Siz harda olsanız, o, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir». (əl-Hədid 4). İlk baxışdan bu ayələr insana şübhə gətirə bilər. O, sizinlə bərbərdir buyuruğu: Allah – subhanəhu və təala – yaradılmışlar ilə qarışmış, onların yanlarındadır demək deyil. Xeyr! Allah Ərşin üzərindədir, məxluqatın üzərində RAQİBDİR (nəzarət edəndir). Əgər ayələrin sonlarına fikir versəniz görərsiniz ki, Allahın bizimlə olması onun bizim etdiklərimizi bilməsi və görməsi ilədir. Əgər biz Allahın yaratdıqlarından olan Aya baxsaq görərik ki, o səmada yerləşdirilmişdir. Bununla bərabər o, səfərdə olan hər bir kəsə hara gedirsə getsin onunla birlikdədir. Ayın bərabər olması onun işıq saçması və görülməsinə görədir. Ay isə Allahın ayələrindən ən kiçiyidir. Bir qadından Allah haradadır soruşulduqda: «Allah səmadadır, yerdə deyil – cavabını verdi». Bəs Allah: «Siz harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə deyirsən?» - sualına isə belə cavab verdi. «Bu sənin bir kimsəyə məktub yazıb mən səninlə bərabərəm deməyin kimidir. Halbuki sən onun yanında deyilsən».
      Elm, qüdrəti ilə hər bir şeyi idarə edən, əhatə edən, himayə edən haqqında düşünmək ki, o məxluqlarla, naqislərlə, günahkarlarla birlikdədir. Bu ağla sığmazdır. Pak və nöqsansız olan Allah – sübhanəhu və təala – naqislərlə bərabər ola bilməz.
      Digər şübhələri: «Göydə olanın». (Mülk 16-17). Zahirini qəbul etsək, səmanın Allahı kölgələdiyini, onu daşıdığını desək düzgün olmaz. Çünki Allah başqa ayədə buyurur: «Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi». (əl-Həcc 65). Göyün də Allaha ehtiyacı olduğunu görürük.
      Digər şübhələri: «And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq». (Qaf 16). Bəli, bu ayəni oxuduqda biz fikirləşə bilərik ki, Allah bizə şah damarımızdan da yaxındır. Lakin nə ilə yaxın olduğunu biz sonrakı ayədən başa düşürük. «Xatırla ki, sağında və solunda yazan iki mələk oturmuşdur». (Qaf 17). O, mələklər ki, insanın ağzından çıxan hər bir kəlməni qeyd edirlər.
      Digər şübhələri: «Göylərdə də, yerlərdə də yalnız o Allahdır. Sizin gizlində də, aşkarda da nəyiniz varsa onu, tutduğunuz əməlləri o bilir». (əl-Ənam 3). Lakin Qurani – Kərimdə digər bir ayə bunu çox gözəl açıqlayır. «Göydə də ilah (ibadət olunan) yerdə də ilah odur. O, hikmət sahibidir, biləndir». (Əz-Zuxruf 84).
      Digər şübhələri: «Can boğaza yetişdiyi zaman, siz ona baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz». (əl-Vaqiə 83-85). Allah: «Biz ona sizdən də yaxınıq» buyurduqda, ölüm anında ÖLÜM – mələyinin ölən insana yaxın olduğunu buyurur. Bu ayədə ölüm anı xüsusiləşdirilmişdi. Əgər biz desək ki, Allah bizə yalnız ölüm anında yaxındır, bu düz olmaz, çünki Allah bizə hər an yaxındır. Ölüm anının xüsusiləşdirilməsi isə o, anda ölüm mələyinin yaxın olmasına görədir. Allahın bizə hər an yaxın olması isə Quran və Sünnə ilə sabitdir. Bu da duadır. «Bəndələrim məni səndən soruşsalar söylə ki, mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm». (əl-Bəqərə 186). Burada söhbət Allahdan nə isə istəmək və Allaha ibadət etmək üçün olunan duadan gedir. İstək duası zamanı insan bir şeyə diqqət etməlidir! Allahın adlarından öz istədiyi şeyə münasib olanını istədiyindən qabaq çəkməlidir. Məs: «Ey Rahmən olan Allah! Mənə rəhm et, məni bağışla!» «Ey qoruyan, məni qoru!» və s. Rəsulullah – sallAllahu aleyhi və səlləm – buyurur: «Sizin dua etdiyiniz Allah sizdən hər hansı birinizin dəvəsinin boynundan da ona yaxındır». Allahın yaxın olması ucalığına və yuxarıda olmasına zidd deyildir. Çünki bütün sifətlərində Allaha bənzər bir şey yoxdur. O, yaxın olması ilə də ucadır, ucalığı ilə də yaxındır. «Allah (müşriklərin) ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır». (əs-Saffət 159).
      Allahın Qiyamət günü İsa – əleyhissəlam – ilə danışması onun ilah olmamasını sübut etmək üçün olacaqdır. «Rəbbin sözü düzgün və ədalətli şəkildə tamam oldu». (əl-Ənam 115). «Biz Peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmışdır». (əl-Bəqərə 253). «Rəbbi onlara (Adəm və Həvvaya) müraciət edib buyurdu: Məgər mən sizə bu ağaca (yaxınlaşmağı) qadağan etməmişdimmi?». (əl-Əraf 22). Buradakı səsləniş, nida onların günah etmələrindən sonra olmuşdur.
      «Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı». (əl-Əraf 143). «Allah Musa ilə sözlə danışdı». (ən-Nisa 164). Musa – əleyhissəlam – ilə heç bir mələyin köməyi olmadan, vasitəçi olmadan danışmışdır. «Biz Musanı Tur dağının sağ tərəfindən səslədik». (Məryəm 52). «Yadına sal ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: Get o, zalım tayfanın yanına». (əş-Şuəra 10).
      «Allah həmin gün onlara xitab edib belə buyuracaqdır: Peyğəmbərlərə nə cavab verdiniz?» (əl-Qəsəs 65). «Rəhmli Allahdan (onlara) salam deyiləcəkdir». (Yasin 58). Rəsulullah – səllAllahu aleyhi və səlləm – buyurur: «Qiyamət günü Allah ilə qulun arasında heç bir tərcüməçi (vasitə) olmadan Allahın danışmadığı heç bir qul yoxdur».
      Möminlərdən fərqli olaraq Allahın Qiyamət günü «Allah onlarla danışmaz…». (əl-Bəqərə 174). «Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah Qiyamət günündə onları dindirməz…». (Ali-İmran 77). Onlarla danışmaması onlar üçün bir əzabdır. Allah buyurar: «Orada zəlil, məyus vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin». (əl-Muminun 107).
      Bu ayələrdən göründüyü kimi Allah – subhanəhu və təala – kəlam sifətinə malikdir və yaradılmış məxluqların səs və həriflərinə bənzəməz. Onun danışması vəhydir. Peyğəmbər – səllAllahu aleyhi və səlləm – buyurur: «Allah bir əmri vermək istədikdə vəhy ilə danışır». Allah daha doğru söz söyləyən olmadığı üçün hər bir şeyi hər baxımdan gözəl bilən də odur.
     


QİYAMƏT GÜNÜ MÖMİNLƏRİN RƏBLƏRİNİ GÖRMƏLƏRİ


Başlıqlar

  • Ön söz
  • Əhli sünnə vəl cəmaat sələfi salihin
  • Islam
  • Şəhadət
  • Tövhid (Rububiyyət tövhidi, Uluhiyyət tövhidi , Isim və sifətlərin tövhidi)
  • Istiva
  • Ərş və kursi
  • Allah – subhanəhu və təala – nin uluv – ucaliq sifəti və səmada olmasi qiyamət günü möminlərin rəblərini görmələri
  • Qiyamət günü möminlərin rəblərini görmələri
  • Allah –subhənəhu və təalə – nin əlinin olmasi
  • Allah – subhənəhu və təalə –nin ityan – gəliş, məci - gəlmək sifət
  • Allah – subhənəhu və təalə – nin nüzul – enmə sifəti
  • Allah - subhənəhu və təalə – nin üz - sifəti
  • Allah – subhənəhu və təalə – nin göz – sifəti
  • Allah – subhənəhu və təalə – nin səmi – eşitmək, basir görmək sifəti
  • Allah – subhənəhu və təalə – nin ricl və qadəm ayaq sifəti
  • Isim və sifətlərin tövhidinə zidd olanlar
  • Məhəmmədən rəsulullah
  • Məhəmmədən rəsulullahin şərtləri
  • Namaz və zəkat
  • Oruc
  • Həcc
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006