AXİRƏTƏ İMAN


      Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da qiyamət gününə Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi və səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək şeylərə dair verişmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (qiyamət) həqiqətdir. Haqq – hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6).
      Allah Qurani-Kərimdə Allaha iman ilə, axirətə iman etməyi bir-birinə bağlı olaraq zikr etmişdir. «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat və Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, qiyamət gününə ….. inanandır». (əl-Bəqərə 177).
      Əhli Sünnə Qiyamətin qopma vaxrtını Allah tərəfindən bilindiyinə, Allahdan başqa kimsənin onu bilmədiyinə inanırlar. «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». (Loğman 34). (Ya Məhəmməd!) Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki: «O, ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187). (Ya Məhəmməd! Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur». (ən-Nəziat 42-44). Ömər – radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamət saatı haqqında soruşan Cəbrail – əleyhissəlam – a Rəsulullah – sallallahu aleyhi və səlləm – belə cavab vermişdi: «Soruşulan soruşandan çox bilmir».
      Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi beşinci gündür. O gün Adəm – əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən qovuldu və o gün qiyamət qopacaqdır».
      Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə inanmaq və buna uyğun olaraq gərəyincə əməl etmək deməkdir. Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq qiyamətin böyük və kiçik əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, səhifələrin (əməl dəftərinin) açılacağına, tərəzinin və sirat körpüsünün ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və orada olan dəhşətli əzablara iman etmək axirətə iman etməyin içərisinə daxildir. Elm adamları Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının) , yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). Ey insanlar! Rəbbinizdən qorxun. Həqəqətən qiyamət gününün zəlzələsi dəhşətli şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Məhəmməd 18). «…. Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).


QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ

Başlıqlar

  • Ön söz
  • Iman
  • Allaha iman
  • Mələklərə iman
  • Kitablara iman
  • Quran məxluq deyildir, allahin kəlamidir!!!
  • Peyğəmbərlərə iman
  • Peyğəmbərimiz məhəmməd sallallahu aleyhi və alihi vəs səlləm
  • Peyğəmbərimizin xüsusiyyətləri
  • Axirətə iman
  • Qiyamətin kiçik əlamətləri
  • Qiyamətin böyük əlamətləri
  • Ölüm
  • Qəbr aləmi
  • Sur
  • Əl -bas (öldükdən sonra dirilmək)
  • Həşr və məhşər
  • Haqq - hesab
  • Sirat
  • Hovuz
  • Cənnət və cəhənnəm
  • Şəfaət
  • Qəza və qədərə iman
  • Qəza və qədərə imanin faydalari
  • Islam və iman
  • Ehsan
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006